Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2020 18:38
Bakı. Trend:
Kastamonu Universitetində təhsil alan azərbaycanlı tələbələr Azərbaycana dəstək olmaq üçün Cümhuriyyət meydanına toplaşıblar. Tədbirdən öncə Türkiyənin “İstiqlal marşı” və Azərbaycan milli marşı səsləndirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Cəmiyyətinin sədri Tural İsabəyli çıxışında Ermənistanın mülki insanları qəsdən hədəf almasını cəbhədəki uğursuzluqlarının nəticəsi kimi qiymətləndirib.
Bununla yanaşı, o, beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe nümayiş etdirmələrinin vacib olduğunu bildirərək qeyd edib: "Türkiyə dövlətinə və xalqına minnətdarlığımızı bildirir, birlik və bərabərliyimizin sarsılmaz olacağını ifadə etmək istəyirik. Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclər olaraq bütün dünyaya dövlətimizin, ordumuzun və Ali Baş Komandanımızın yanında olduğumuzu, dövlətimizin siyasətini tam dəstəklədiyimizi, ehtiyac duyulduğunda cəbhəyə gedəcəyimizi və vətənimizi qorumaq naminə vəzifəmizi tərəddüdsüz yerinə yetirəcəyimizi bütün dünyaya bildirmək istəyirik".
Çıxışlardan sonra tələbələr “ Qarabağa dönürük”, “Qarabağ Azərbaycandır” “Erməni terroruna son”, “Eşq olsun Azərbaycan ordusuna” kimi şüarlar səsləndiriblər.