Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2020 11:24
2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.
Baş Prokurorluqdan Sonxeber.net-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin televiziya ilə xalqa müraciətlərində və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə düşməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə vətəndaşlarımıza mütəmadi məlumatlar verilir.
Bununla yanaşı, vətəndaşlarımız Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ön xətdəki yerdəyişmələr barədə Müdafiə Nazirliyi tərəfindən gün ərzində mütəmadi olaraq rəsmi qaydada məlumatlandırılır.
Lakin bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair video, foto və informasiyaların yayılması, eləcə də döyüş əməliyyatlarının aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlərin paylaşılaraq hadisələri qabaqlamağa çalışma cəhdləri müşahidə olunur.
Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olmaqdadır.
Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini bu tipli hərəkətlərə yol verməməyə çağırır.
Nəzərə çatdırırıq ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.