Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2020 12:30
Döyüş meydanında mövqelərini itirən Ermənistan ordusu çıxış yolunu yalnız mülki əhaliyə qarşı cinayətlərin törədilməsində görür.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Pakistanın ölkəmizdəki səfiri Bilal Hayee ilə görüşündə deyib.
Onun sözlərinə görə, hazırda Ermənistanın terror və işğalçılıq siyasətinə qarşı haqq mübarizəsi aparan Azərbaycan dövləti hər zaman sülhün və əmin-amanlığın tərəfində olub. Lakin beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsiz yanaşan Ermənistan dövləti bu gün də cinayət tərkibli çirkin əməllərindən əl çəkmir. Bugünədək bədxah qonşularımız Gəncə, Bərdə şəhərlərində, bir çox yaşayış məntəqələrində mülki əhaliyə qarşı terror aktları həyata keçirib. Dinc sakinlərə qarşı raket artilleriyası hücumları nəticəsində indiyədək ümumilikdə 92 nəfər qətlə yetirilib, 380-i yaralanıb. Vüsal Hüseynov, həmçinin diqqətə çatdırıb ki, Bərdədə törədilən növbəti terror nəticəsində 21 dinc sakin həlak olub, 70-ə yaxını yaralanıb.
Səfir Bilal Hayee ölkəsinin hər zaman Azərbaycanı dəstəklədiyini və qarşılıqlı əlaqələrin bundan sonra da inkişafı istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Pakistanın daim qardaş ölkə Azərbaycanın yanında olduğunu bildirib.