Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 20:21
Fransada, ABŞ-da və digər ölkələrdə yaşayan ermənilərin Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən, həqiqəti əks etdirən, tərəfsiz və qərəzsiz mövqedən çıxış edən kütləvi informasiya vasitələrinin nümayəndələrini, siyasətçiləri, ictimai fəalları ölümlə hədələmələri, təhdid və təhqir etmələri, hüquqi baxımdan təkcə söz və fikir azadlığının məhdudlaşdırılmasına deyil, həm də terrorizmə cəhd kimi qiymətləndirilməlidir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, erməni diasporunun davranışları növ etibarilə mütəşəkkil, istiqamət etibarilə isə ultra-millətçi ideoloji əsaslara malik terrorizm nümunəsidir:
"Məlum olduğu kimi, Azərbaycanın işğal altında olan əraziləri, həmçinin Azərbaycan Ordusunun əks-hücum və sülhə məcburetmə əməliyyatları ilə bağlı obyektiv informasiya siyasəti yürüdən, yaxud mövqe nümayiş etdirən KİV-lərə, ayrı-ayrı jurnalistlərə, siyasi və ictimai fəallara qarşı həyata keçirilən ölümlə təhdid, yaxud təhqir aksiyaları mütəşəkkil qruplar, indiki halda erməni diaspor təşkilatları tərəfindən həyata keçirilir ki, bu da onların terror fəaliyyətlərinin xarakterinin kollektiv terror kimi tövsif olunmasına əsaslı zəmin yaradır.
Şübhəsiz ki, bu kimi hallara qarşı ilk növbədə ölümlə təhdid və təhqir, söz və fikir azadlığının məhdudlaşdırılmasına cəhd faktlarının baş verdiyi ölkələrin siyasi hakimiyyətləri, təhlükəsizlik və məhkəmə orqanları münasibət bildirməli, öz vətəndaşlarının fundamental hüquq və azadlıqlarına, həyatlarının təhlükəsizliyinə təhdid yaradan amilləri aradan qaldlrmaq istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirməlidirlər. Söz və fikir azadlıqları fundamental azadlıqlardır və bu azadlıqlara Ümumdünya insan hüquqları bəyannaməsinə qoşulan bütün dövlətlər tərəfindən təminat verilir. Baş verənlər başqa bir reallığı da ortaya qoyur və sübuta yetirir ki, erməni diaspor təşkilatları, mahiyyət etibarilə terror təşkilatlarıdır və onların fəaliyyəti öz milli mədəniyyətini qoruyub saxlamaq məqsədilə yaradılan bütün digər diaspor qurumlarından fərqlənir.
Ermənilər yaşadıqları ölkənin qanunlarına hörmətlə yanaşmır, bu ölkənin vətəndaşları kimi deyil, Ermənistanın xüsusi xidmət orqanlarının təmsilçiləri kimi davranırlar. Yəni erməni diaspor təşkilatları ən yaxşı halda Ermənistanın nüfuz müvəkkilləri, cəsus şəbəkələridir. Düşünürəm ki, bütün bunlar ermənilərin kompakt yaşadıqları ölkələrin özü üçün də ciddi siqnal olmalıdır. Çünki Ermənistanın faşist ideologiyasından bəhrələnən bu təşkilatların missiyası ermənilərin yaşadıqları cəmiyyətlərə inteqrasiyasının qarşısını almaq, onları Ermənistanın, yaxud başqa bir ölkənin maraqlarının ifadəçisinə çevirməkdən ibarətdir. Bu təşkilatlar təlimatla hərəkət edir və ehtiyac duyulduqda "yumşaq güc"dən "dağıdıcı güc"ə - mütəşəkkil cinayətkar qruplara çevrilə bilirlər".