Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 08:28
Mövcud olan bütün raketlər yanacaq qismində kimyəvi birləşmələrdən istifadə edirlər. Alimlərin fikirlərinə əsasən bu üsul ilə çalışan mühərriklərə alternativ kimi nüvə mühərriklər çıxış edə bilərlər. ABŞ-dan olan bir şirkət məhz bu cür mühərriki təqdim edərək bildirib ki, onunla Mars planetinə 6 aya yox 3 aya çatmaq olar. Bu barədə Newatlas saytı xəbər verib. Kimyəvi birləşmələr vasitəsilə çalışan mühərriklər artıq dünənki gün hesab edilirlər. Lakin kosmosda nüvə əsaslı enerji mənbələrininin istifadəsi dövrü hələ gəlməyib.
Belə ki, bu texnologiyanın genişmiqyaslı istifadəsini qeyri mümkün edən bir sıra problemlər mövcuddur. İlk növbədə söhbət, təhlükəsizlikdən gedir. Belə ki, məsələnin ucunda kosmosda səyahət edəcək astronavtların həyatları dayanır. Problemin baş verdiyi halda onları kosmosun dərinliyindən xilas etmək qeyri mümkün olacaq. İkinci problem isə ondan ibarətdir ki, hal hazırda nüvə mühərriklərinin mövcud olan prototipləri çox ağırdırlar. Bu isə onlardan istifadə effektivliyini aşağı salır.
ABŞ-ın Ultra Safe Nuclear Technologies (USNC-Tech) şirkəti yeni nüvə mühərriki konsepsiyasını yaradıb və test məqsədi üçün onu artıq NASA-ya göndərib.
Məlumdur ki, sözügedən mühərrik yüksək etibarlılığa və böyük itələmə gücünə sahibdir. Bu mühərrikdə yanacaq kimi isə karbid sirkonium ilə əhatə edilmiş keramik mikrokapsullardan istifadə olunur. Məlumatda qeyd edilib ki, bu kapsullarda az zənginləşdirilmiş uran mövcuddur. Həmin kapsullardakı uran 5%-dən yuxarı və 20%-dən aşağı səviyyədə zənginləşdirilib. Bundan əlavə olaraq məlumata əsasən sözügedən mühərrik kimyəvi birləşmələr vasitəsilə çalışan mühərriklərdən fərqli olaraq 2 dəfə daha böyük itələmə qüvvəsi sərgiləyir. USNC-Tech şirkəti bu mühərrik ilə dünya bazarına çıxmağı planlaşdırır və qeyd edir ki, onunla Mars planetinə 3 ay ərzində çatmaq olar. Bu yeni texnologiyanın kommersiya məqsədli istifadəsinin nə zaman reallaşdırılacağı barəsində bir məlumat verilməyib.