Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 10:16
Bakı. İlhamə İsabalayeva - Trend:
Təəssüflə qeyd edilməlidir ki, işğal altında olmuş yataqlarımız, xüsusilə qızıl yataqları ermənilər tərəfindən vəhşicəsinə talan edilib.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
Onun sözlərinə görə, ermənilərə bu əməllərində erməni əsilli iş adamlarının dəvəti ilə cəlb edilmiş İsveçrə, Kanada, Avstraliya, Hindistan və digər ölkələr də iştirak edib.
Ə.Əliyev qeyd edib ki, ərazisi zəngin yeraltı təbii mineral xammal ehtiyatlarına malik olan Azərbaycandakı yataqların böyük hissəsi ölkəmizin Uralı sayılan Kiçik Qafqaz filiz zonasında yerləşib. 1993-cü ildə Ermənistan Ordusu tərəfindən işğal edilmiş regionumuzda təsdiq edilmiş ehtiyatlara malik filiz, qeyti-filiz, tikinti materialları, yeraltı içməli və termal-mineral su olmaqla, 167 yataq mövcud olub.
Bu yataqlardan 40-ı Laçın, 34-ü Kəlbəcər, 8-i Şuşa, 4-ü Xocalı, 2-si Xocəvənd, 15-i Ağdam, 6-sı Füzuli, 11-i Tərtər, 11-i Zəngilan, 26-sı isə Cəbrayıl rayonları ərazisində yerləşir:
"Ölkəmizin ən iri qızıl, gümüş və mis yataqları bu bölgələrdə kəşf edilib. Bu sırada Kəlbəcər rayonunda yerləşən Söyüdlü (ehtiyatı, qızıl -112.5 ton, gümüş-190.3 ton, selen-249 ton, tellur-45.8 ton), Qızılbulaq (ehtiyatı, qızıl-17,5 ton, gümüş-18.9 ron, mis-47.9 min ton, kükürd-274.4 min ton), Ağduzdağ (ehtiyatı, qızıl-13,5 ton) və Zəngilan rayonunda yerləşən Veynəli yatağı (ehtiyatı, qızıl- 6.52 ton, gümüş-10.74 ton, mis -2942 min ton) xüsusilə qeyd edilə bilər. İşğal edilmiş bütün rayonlarımızda çöx böyük xammal resurslarına malik mişar daşı, tikinti daşı, gil, əhən, daş kömür, üzlük və əlvan daşı və digər faydalı qazıntılar mövcuddur".
Ə.Əliyev qeyd edib ki, Kəlbəcər və Şuşa rayonları isə özünəməxsus balneoloji xüsusiyyətləri ilə fərqlənən (İstisu və Turşsu yataqları) termal-mineral su ehtiyatlarına malikdir. Bu yataqların gündəlik debiti 3974 m3 /gün təşkil edir.
Xidmət rəisi əlavə edib ki, artıq “Böyük Qayıdış” mərhələsi başlanır. Ən qısa zamanda erməni işğalçılarının vurduğu ziyanın hesablanmasına başlanılacaq.