Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19-a yoluxanların ürəyində çapıq izlərinə rast gəlinir

COVID-19-a yoluxanların ürəyində çapıq izlərinə rast gəlinir

Tarix: 23 Noyabr 2020 23:36

Yeni növ koronavirus (COVID-19) daxili orqanları da sıradan çıxarır. Virus ilk növbədə həyatı vacib orqanları zədələyir. Mütəxəssislər bildirirlər ki, COVID-19 daha çox ağciyər və ürəkdə fəsadlar yaradır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, pediatr-infeksionist Aytən Ziyadovanın verdiyi məlumata görə, infeksiya əvvəlcə ağciyər toxumalarını zədələyir: "Ən böyük fəsad ondan ibarətdir ki, ağciyərlərin yarıdan çoxu zədələnəndə çapıqlaşma baş verir. Ümumiyyətlə, istənilən iltihabi prosesdən sonra onun sonuncu mərhələsi kimi çapıqlaşma olur. Əgər iltihabın həcmi böyükdürsə, bu, həmin orqanın fəaliyyətini zəiflətmiş olur".

Paytaxtdakı 22 nömrəli Birləşmiş Xəstəxananın həkim-kardioloqu Nüşabə Səfərova isə bildirib ki, çapıq izlərinə hətta COVID-19-a yoluxanların ürəyində də rast gəlinir. Virus damar sistemini və ürək əzələlərini də zədələyə bilir: "Ürək əzələlərinin zədələnməsi bir çox ritm pozuntularına, həyatı təhlükəli aritmiyalara səbəb ola bilər. Eyni zamanda, ürəyin yığılma qabiliyyətinin zəifləməsinə və get-gedə azalaraq daha da pisləşməsinə, xəstədə kəskin və xroniki ürək çatışmazlığının əmələ gəlməsinə, miokard infarktına aparıb çıxarması mümkündür. Damar sistemi vasitəsilə damar divarının zəifləməsinə, həm də birbaşa qana təsir edərək laxtalanmanın artmasına, trombların əmələ gəlməsinə, ayaqlarda dərin venaların zədələnməsinə aparıb çıxarır".

Həkimlər iddia edirlər ki, xüsusi risk qrupuna aid olanlarda koronavirusun izləri daha dərin qalır. Bura şəkərli diabet, onkoloji, ürək çatışmazlığından əziyyət çəkənlər və hipertoniklər aiddir. Ona görə də virusa yoluxanların ümumi müayinədən keçməsi tövsiyə olunur. Yalnız bu halda zədələnmiş daxili orqanların vaxtında müalicəsinə başlamaq və müsbət nəticələr əldə etmək olar.


Etiketlər:  COVID yoluxanların ürəyində çapıq izlərinə rast gəlinir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ