Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilir

Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilir

Tarix: 25 Noyabr 2020 00:09

Bu gün Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad edilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı üçtərəfli bəyannaməyə əsasən, erməni silahlı birləşmələri noyabrın 25-i Kəlbəcər rayonundan çıxarılmalıdır.

Kəlbəcər 1993-cü ilin aprel ayının 3-də Ermənistan ordusu tərəfindən işğal olunub.

1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 sutkadan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki vermiş və mühasirədə olan 60 min kəlbəcərlinin təxliyəsinə nail olmuşlar.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olunub. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

1993-cü ilin qiymətləndirməsinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər qovulub, 50 dinc əhali öldürülüb, 20 nəfər isə əsir götürülüb və itkin düşüb.

2020-ci ilin məlumatına görə, Kəlbəcərin əhalisi 77 min 003 nəfərdir. Əhalisinin sıxlığı (nəfər / 1 km²) 39,66 nəfər, şəhər əhalisi 11 min 766 nəfər, kənd əhalisi 65 min 237 nəfərdir.

Kəlbəcər əhalisinin 38 min 396 nəfərini kişilər, 38 min 607 nəfərini isə qadınlar təşkil edir. Rayonun ərazisi 3054 kv kilometrdir. Rayonun Qarabağ müharibəsi əlillərinin sayı 75 nəfərdir. Rayonun 488 şəhid ailəsi var. Hazırda 66 min 985 nəfər Kəlbəcər sakini köçkünlük həyatı yaşayır.

77,003 min nəfər əhalinin 13,6 faizi Bakı şəhərində, 21,7 faizi Gəncə şəhərində, 5 faizi Yevlax rayonunda, 5,4 faizi Abşeron rayonunda, 9,1 faizi Bərdə rayonunda, 12 faizi Goranboy rayonunda, 7,7 faizi Göygöl rayonunda, 5,4 faizi Tərtər rayonunda, 20 faizi isə digər 46 şəhər və rayonda müvəqqəti məskunlaşıb.


Etiketlər:  Kəlbəcər rayonu gün Azərbaycana təhvil verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ