Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 03:30
"Səxavətin qəbrini ziyarət etdim".
Sonxeber.net xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuz Səxavət işğaldan azad olunan Ağdam rayonu və mərhum xanandə Səxavət Məmmədovun qəbrini ziyarət etməsindən danışarkən deyib. Xanəndə Abdal-Gülablıda qəbiristanlığın dağılmadığını qeyd edib:
"30 ildir baxımsız olduğundan qəbirlər çöküb. Səxavətin ruhu da sevindi. Yaxın gələcəkdə onun qəbrinin üstünü götürəcəyik".
Firuz Səxavət deyir ki, Abdal-Gülablıda bir ev belə qalmayıb:
"Kəndimizə getdim... Orda gördüyüm mənzərədən dəhşətə gəldim, xeyli müddət özümə gələ bilmədim. 30 il erməninin yaşadığı kənd necə olar? Kəndimizdən əsar-əlamət yoxdur. Bir dənə ev qalmayıb, hamısı dağılıb. Hamı donub qalmışdı, heç kəs heç kəslə danışmırdı, dəli kimi ora-bura baxırdım. İnsanın öz evini belə görməsi çox çətindir".
Qeyd edək ki, hərbçilərimiz Ağdam rayonununda azərbaycanlı xanəndə Səxavət Məmmmədovun qəbrini tapıblar. Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Səxavət Məmmədov 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan dərs alıb. 1976-cı ildə "Hümayun" xalq ansmblının solisti olub. Yaratdığı "Qarabağ" instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.
Xanəndə 1991-ci il sentyabrın 30-da Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib.