Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 19:42
Evdə müalicəsinə icazə verilən yüngül xəstələrə müxtəlif antibiotik və hormonal dərmanların istifadəsi yolverilməzdir.
Sonxeber.net xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov əhaliyə müraciətində bildirib.
Mütəxəssis deyib ki, antibiotik preparatların virusa heç bir təsiri yoxdur, əksinə, bədəndə olan faydalı mikroorqanizmləri məhv etməklə və immun sistemi zəiflətməklə zərər vurur, eyni zamanda hormonal preparatlar bu halda xəstəliyin əlamətlərini təhrif edərək xəstədə aldadıcı yaxşılaşma təəsüratı yaradır və ağırlaşmalar baş verərsə, çox geç aşkarlanır və gecikmiş hospitalizasiyanın nəticəsi bir çox hallarda faciəvi olur: "Bir daha təkidlə tövsiyə edirik ki, həyatınızı riskə atmayın, özünüzü narahat hiss etdikdə gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət edin, sağlamlığınızı yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar edin".
T.Eyvazov deyib ki, hazırda kəskin respirator virus infeksiyaların mövsümü artımı dövründəyik. Yeni koronavirus və digər respirator virus infeksiyalarının klinik əlamətləri o qədər oxşardır ki, bunları ayırd etmək çox çətindir və bəzən isə xüsusi laborator müayinələrsiz mümkün deyil.