Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsini hansı cəza gözləyir?

Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsini hansı cəza gözləyir?

Tarix: 29 Noyabr 2020 17:44

Bakı. Samir Əli - Trend:

Azərbaycanda koronavirus infeksiyasına yoluxan şəxslərin icazə olmadığı halda evdən çıxma faktları aşkarlanmaqdadır. Virusa yoluxan şəxslər yoluxduqlarını bilə-bilə evdən çıxaraq xəstəliyin yayılmasına şərait yaradır. Daxili işlər orqanları əməkdaşlarının sayıqlığı nəticəsində bu cür şəxslərin hərəkət marşrutu xüsusi texniki vasitələrlə müəyyən edilərək saxlanılır, müalicə olunduğu yerə qaytarılır və ciddi nəzarətə götürülür. Həmçinin həmin şəxs barəsində qanunvericiliyin tələbinə uyğun olaraq cinayət işi başlanır.

Karantin qaydalarını pozan və koronavirus infeksiyasını yaymağa görə vətəndaşı hansı cəza gözləyir?

Trend-in məlumatına görə, ictimai yerlərdə hər hansısa yolla karantin qaydalarını pozan (qoruyucu maskadan düzgün istifadə etməmək, qaydalara riayət etməmək və sair) şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülür. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Koronavirus infeksiyasına yoluxduğu halda icazəsiz olaraq müalicə olunduğu yeri tərk etmək isə cinayət məsuliyyətinə səbəb olur. Həmin şəxsə qarşı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanır. Virusa yoluxmuş şəxsin yaşayış və ya müalicə yerini tərk etməsi aşkarlanan kimi həmin şəxsin yeri müəyyən edilərək saxlanılır və geri qaytarılır. Bundan sonra isə şəxs barədə başlanmış cinayət işi üzrə istintaq tədbirlərinə başlanır. Əgər istintaq müddətində həmin şəxsin koronavirus infeksiyasını kimlərəsə yoluxdurduğu aşkar edilərsə, bu zaman cinayət işi Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsinə tövsif edilir. Bu zaman infeksiyanı yayan şəxs iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əgər infeksiya yayan şəxsin bu hərəkəti digər şəxsin ölümünə və ya ağır nəticələrə səbəb olarsa ona qarşı Cinayət Məcəlləsinin 139-1.2 - ci (Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham elan olunur. Bu isə həmin şəxsin üç ildən beş ilədək müddətə azadlığının məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması deməkdir.


Etiketlər:  Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsini hansı cəza gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ