Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 14:45
"Cənab Prezident hələ neçə ay bundan əvvəl anlayırdı ki, COVİD-lə mübarizə yeni müstəviyə çıxmalıdır. Çünki payız, qış ayları ilə bağlı çox böyük həyəcan yaşanırdı, həyəcan doğuran proqnozlar səsləndirilirdi".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq bildirib ki, COVİD 19-la mübarizə özlüyündə xeyli sayda vəsait, texniki hazırlıq, səfərbərlik nəzərdə tutur:
"Prezident İlham Əliyev əvvəl gündən gördü ki, faktiki olaraq burada insan cəmiyyəti, beynəlxalq birlik gərək öz imkanlarını səfərbər etsin ki, bu pandemiyanın qarşısını ala bilsin. Həqiqətən də bu mübarizə özü çoxsaylı vəsaitlər, texniki hazırlıq, səfərbərlik nəzərdə tutur. Bu baxımdan Türkdilli Dövlətlərin Əməkdaşlı Şurasının fövqəladə iclasını çağırdıq. Sonra Qoşulmama Hərəkatının zirvə görüşü səviyyəsində də 120 ölkənin iştirakı ilə ikinci çox böyük bir tədbir keçirildi. Bu zirvə görüşündə cənab Prezident bildirdi ki, BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində də Xüsusi Sessiya keçirilməlidir, çünki elə xalqlar var ki, təkbaşına bu bəlanın öhdəsindən gələ bilmirlər, onların imkanları çox məhduddur, insanların küləvi şəkildə yoluxması nəticəsində çox dözülməz bir vəziyyət yarana bilər. Ona görə də Prezident İlham Əliyevin bu nəcib təşəbbüsünü bütün dövlətlər legitim tərzdə dəstəklədilər. Düzdür, Ermənistanı çıxmaq şərti ilə. Çünki Ermənistan ümumiyyətlə normal dövlət sayıla bilməz".
T. Abbasov qeyd edib ki, Azərbaycan COVİD-lə mübarizədə öz təcrübəsini dünya ictimiyyəti ilə bölüşür:
"İndi görürük ki, həqiqətən də Azərbaycan Prezidentinin çağırışı ilə artıq BMT-nin Baş katibi Antonio Quterres başda olmaqla, Baş Assambleyanın Prezidenti Volkan Bozkır da daxil artıq bu proses geniş şəkildə həm işçi rejimdə fəaliyyətini davam etdirir, digər tərəfdən çox mühüm qərarlar qəbul olunur. Çünki burada kordinasiya, təşkilatçılıq, dəstək göstərmə prosesləri çox vacib önəm daşıyır. Biz görürük, hər gün yoluxanların sayı həndəsi silsilə ilə artır. Buna görə də dövlətlərin fövqəladə strukturları gərək çalışsınlar ki, əl-ələ verərək bu bəlanın qarşısını ala bilsinlər. Təbii, bütün ölkələrdə, o cümlədən bizdə də yoluxanların sayında artım var. Burada qabaqlayıcı tədbirlərin görülməsi son dərəcə vacib görünür. Azərbaycan bu işdə prinsip etibarilə özü öz təcrübəsini əldə edib. O təcrübəni də həmişə bölüşməyə hazır olub, bölüşür də. Təsadüfü deyil ki, bütün qitələrin hamısının təşkilatları Azərbaycanın təşəbbüsünü dəstəkləyir və ümumiyyətlə Azərbaycan liderinin də bu təşəbbüskarlığı dünya çapında çox böyük qiymətə layiq görüldü. Bu, bir daha onu göstərir ki, Azərbaycan təkcə öz qayğıları ilə deyil, eləcə də beynəlxalq birliyin problemləri ilə yaşamağı bacarır, ona səs verir və bu baxımdan da çox gözəl örnək nümayiş etdirir".
Təhməz Əsədov