Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 19:27
2020-ci il 7 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru cənab Martin Şüeppi qəbul etmişdir.
Xarici İşlər Nazirliyindən Sonxeber.net-a bildirilib ki, grüşdə nazir Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş nazirinin 10 noyabr tarixində imzaladığı birgə bəyanatdan sonra regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan addımlar barəsində məlumat verərək, birgə bəyanat ilə atəşkəsin təmin edildiyini, hərbi fəaliyyətlərin dayandırıldığını və bununla əlaqəli şəkildə Azərbaycan Respublikasının işğal edilmiş Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə Azərbaycanın nəzarətinə qaytarıldığını diqqətə çatdırdı. Birgə bəyanatın icra edilməsi ilə regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanlar açıldığı vurğulandı.
Bölgədə yaranmış yeni şərait nəzərə alınmaqla, BQXK-nın Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə bütün insanların həyat şəraitinin yaxşılaşdırılması və dinc birgəyaşayışın təmin edilməsi işinə özünün müsbət töhfəsini verəcəyinə ümid ifadə edildi.
Öz növbəsində cənab Martin Şüepp Azərbaycan ilə BQXK arasında ötən illər ərzində formalaşmış əməkdaşlığın, o cümlədən təşkilatın mandatının əsasını təşkil edən beynəlxalq humanitar hüquqa əməl edilməsi istiqamətində Azərbaycan tərəfindən atılmış addımların BQXK tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. 10 noyabr tarixli birgə bəyanatdan irəli gələn BQXK-nın mandatına aid müvafiq məsələlərin həlli istiqamətində görülən işlər barədə məlumat verdi.
Görüşdə, habelə Azərbaycan ilə BQXK arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı, BQXK-nın ölkəmizdəki fəaliyyətinin səmərəliliyi və effektivliyinin daha da artırılması yolları müzakirə edildi.