Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 16:20
Bakı. Trend:
Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin, Azərbaycan–Türk Kültür və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə Köln şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi ilə bağlı "səssiz" mitinq keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, Dom Kilsəsinin önündəki Roncalliplatz meydanında baş tuan aksiyada Köln və ətraf şəhərlərdə yaşayan soydaşlarımız və Türkiyə diasporunun nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları 44 günlük müharibə zamanı Azərbaycanın döyüş meydanından kənarda yerləşən Gəncə, Tərtər, Bərdə və digər şəhərlərinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə raket atəşinə tutulmasına, 94 dinc sakinin öldürülməsinə və mülki obyektlərin dağıdılmasına diqqəti cəlb edib. Azərbaycan, Türkiyə, Almaniya və Avropa Birliyinin bayraqlarının dalğalandırıldığı mitinqdə dağıdılmış və yandırılmış evlərin şəkillərinin əks olunduğu plakatlar nümayiş etdirilib.
Azərbaycan Mədəniyyət evinin sədri Altay Rüstəmli yerli mediaya açıqlamasında bildirib ki, döyüş meydanında Azərbaycan ordusuna məğlub olan Ermənistan cəbhədən uzaqda olan şəhərləri bombalamaqla və dinc sakinləri qətlə yetirməklə ağır hərbi cinayətlərə yol verib.
Fransa parlamentinin Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağın "müstəqil dövlət" olaraq tanınmasını tövsiyə edən qərarını pisləyən soydaşımız bu addımı həmsədr ölkənin tərəfsizliyinin kobudcasına pozulması kimi qiymətləndirib. O, proseslərin Fransanın ATƏT-in Minsk qrupundakı yerini itirməsinə gətirib çıxaracağını vurğulayıb.