Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 13:15
İspaniyanın geniş oxucu kütləsinə malik "La Vanguardia" qəzetində adıçəkilən qəzetin Ağdam şəhərinə ezam olunmuş müxbiri Jorju Juan Banyosun "Bir milyon azərbaycanlı öz doğma torpaqlarına qayıtmağı gözləyir" sərlövhəli məqaləsi dərc olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məqalədə diqqətə çatdırılır ki, Ermənistanın 28 il davam edən işğalı Azərbaycan Ordusunun parlaq qələbə qazanması nəticəsində sona çatıb. İşğal edilmiş Azərbaycan torpaqları, eləcə də Azərbaycanın qədim Şuşa şəhəri düşmən tapdağından azad olunub. Bildirilir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin salınmış azərbaycanlılar yenidən öz yurdlarına qayıda biləcəklər.
Məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində kütləvi şəkildə vandalizm aktlarının həyata keçirildiyi, bütün yaşayış binalarının, ictimai iaşə obyektlərinin dağıdıldığı, dini abidələrin təhqir olunduğu təəssüflə qeyd olunur. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 300 şəhər və kəndinin amansız şəkildə barbarlığa məruz qaldığı bildirilir.
Vurğulanır ki, işğal olunmuş ərazilərdəki mövcud infrastruktur Ermənistan silahlı qüvvələri və buraya qanunsuz olaraq Suriya və digər ölkələrdən köçürülmüş ermənilər tərəfindən dağıdılıb, bu ərazilərdəki tarixi və dini abidələr məhv edilib, məhsuldar torpaqlar yararsız hala salınıb, Ağdam, Füzuli şəhərləri tanınmaz hala gətirilib.