Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərəb ölkələrindəki erməniləri bundan sonra sərgərdan həyat gözləyir

Ərəb ölkələrindəki erməniləri bundan sonra sərgərdan həyat gözləyir

Tarix: 18 Dekabr 2020 08:20

Yola salmaqda olduğumuz 2020-ci il ərəb ölkələri üçün mühüm hadisələrlə zəngin olub. Vaşinqtonun vasitəçiliyi ilə dörd ərəb dövləti - Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Sudanın İsraillə diplomatik münasibətləri və iqtisadi əlaqələri bərpa etməsi, habelə BƏƏ, Səudiyyə Ərəbistanı, Misir və Bəhreynin 2017-ci ildə Qətərə tətbiq etdikləri hava, quru və dəniz blokadasının aradan qaldırılması istiqamətində irəliləyişə nail olunması ilin yaddaqalan müsbət hadisələri sayıla bilər. Bununla belə, Liviyada silahlı münaqişə, Suriyadakı vəziyyət, Livanda getdikcə dərinləşən böhranın fəlakət həddinə çatması, Misirlə Efiopiya arasında Böyük Efiopiya Renessans Bəndinin tikintisi üzrə ixtilaf, Yəməndə vətəndaş müharibəsi, Fələstin probleminin kəskinləşməsi, İraqda sabitlik və təhlükəsizlik məsələlərində qeyri-müəyyənlik, Mərakeşlə Əlcəzair arasında Qərbi Səhra uğrunda münaqişənin qızışması yeni ildə münasibətlərin gərgin olacağından xəbər verir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu cür mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir coğrafiyada ərəb ölkələrində məskunlaşmış erməniləri qaranlıq gələcək gözləyir. Məlumdur ki, "əzabkeş xalqın" nümayəndələrinin ən çox məskunlaşdığı ölkə Livandır. Son məlumatlara görə, burada əhalinin 4 faizini təşkil edən ermənilərin (156 min nəfər) sayı sürətlə azalır. Livan mətbuatı yazır ki, bu ilin avqustunda Beyrutda baş verən dəhşətli partlayışdan sonra ermənilər özlərinə yeni yaşayış məskənləri axtarışındadır. Azərbaycanla müharibədə məğlub olan Ermənistanın bu insanları Qarabağda yerləşdirməsi planları da boşa çıxıb. İmkanlı ermənilər Qərbə, xüsusən ABŞ-a, yoxsullar isə digər ərəb ölkələrinə üz tuturlar. Artıq Birləşmiş Ərəb Əmirliklərində Livan və Suriyadan qaçanların sayının 3 min nəfərə çatdığı, Şarjah Əmirliyində fəaliyyət göstərən erməni kilsəsinin yeni miqrantlar üçün hərəkətə keçdiyi bildirilir. Bundan başqa, Küveytə və Qətərə də ermənilərin axını başlayıb. O da bəllidir ki, "əzabkeş xalqın" nümayəndələri həmişə varlı ölkələrdə məskunlaşmağa can atırlar. Maraqlıdır ki, hətta rifah dalınca Bəhreynə gələn 100 erməni belə burada kilsə tikib və bunu KİV-lərdə geniş reklam ediblər. Ermənilərin məskunlaşa bilmədiyi yeganə varlı ərəb ölkəsi isə Səudiyyə Ərəbistanıdır. Ər-Riyadın Ermənistanla diplomatik münasibətləri yoxdur.

I Dünya müharibəsindən sonra ermənilərin ən çox məskunlaşdığı ölkələrdən biri də Misir olub. Hazırda burada təqribən 10 mindən çox erməni ailəsi yaşayır. Onların Qahirədə və İsgəndəriyyədə kilsələri, habelə qəzet və informasiya portalları fəaliyyət göstərir. Ermənilər hökumətdə və parlamentdə də təmsil olunublar. Lakin bu ölkədə də "əzabkeş xalqın" nümayəndələrinin sayı azalır. Hələ Ənvər Sadat və Hüsnü Mübarəkin zamanında sayları 60 min olan ermənilər sürətlə başqa ölkələrə köçürlər. Bu ölkəni pul qazanmaq üçün tərk edən ermənilərdən 1500 nəfəri isə Qətərdə yerləşib. Ümumilikdə, Dohada 5500 erməninin yaşadığı bildirilir.

"Worldwatchmonitor"un məlumatına görə, 2011-ci ildən bəri vətəndaş müharibəsinin davam etdiyi Suriyada yaşayan 100 minə yaxın erməninin artıq 70 mini bu ölkəni tərk edib. BBC telekanalının 2015-ci ildə yayımladığı reportajda qeyd olunurdu ki, onların 15 min nəfəri Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilib. Lakin Ermənistan hökumətinin cinayətkarcasına apardığı qeyri-qanuni məskunlaşdırma siyasətinin qurbanına çevrilən bu insanların da gələcək taleyi qaranlıqdır.

Daha bir ərəb ölkəsi - İordaniya Krallığında 3 min erməni yaşayır və onlar ölkənin qeyr-müsəlman əhalisinin əksəriyyətini təşkil edirlər. Lakin statistik məlumatlar göstərir ki, Krallıqda 1967-ci il ərəb-İsrail müharibəsinə qədər onların sayı 6 min nəfər olub və əksəriyyəti ABŞ, Kanada və Avstraliyaya köçüb. Bununla belə, "əzabkeş xalqın" nümayəndələrinin Əmmanda kilsəsi, cəmiyyətləri və məktəbləri fəaliyyət göstərir.

Yuxarıda qeyd edildiyi kimi, Yaxın Şərq və Şimali Afrikada baş verən mürəkkəb geosiyasi proseslər fonunda yaxın illərdə regionda vəziyyətin sabitləşməsi ehtimalları azdır. Bu isə o deməkdir ki, qarşıdakı illərdə ermənilərin ərəb ölkələrindən köçü daha da artacaq. Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızı işğaldan azad etməsi başqasının hesabına firavan həyat arzulayan Yaxın Şərq ermənilərinin bərəkətli torpaqlarımızda məskunlaşmaq planlarına həmişəlik olaraq son qoydu. Bundan sonra onları sərgərdan həyat gözləyir.

Milli.Az


Etiketlər:  Ərəb ölkələrindəki erməniləri bundan sonra sərgərdan həyat gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ