Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 12:36
Bakı. Samir Əli - Trend:
Son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayı artdığından təcili tibbi yardıma edilən müraciətlərin sayında da müvafiq artım qeyd edilir.
Trend-in məlumatına görə, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva deyib.
O bildirib ki, pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3000-ə, çağırışların sayı 1500-2000-ə yaxın idisə, hal-hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2000-2500-ə yaxındır: "Zənglərin əksəriyyəti sorğu və məlumat xarakterlidir. Təcili tibbi yardıma ehtiyacı olmayan xəstələr üçün də “103” xidmətinə çox sayda müraciət daxil olur ki, bu da telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur. COVID-19-la bağlı xəstələrin hospitalizasiyası zamanı xəstələrin yerləşdirilməsində yaranan müəyyən çətinliklər çağırışların ləngimə ilə icra edilməsinə səbəb olur".
İ.Əliyevanın sözlərinə görə, Səhiyyə Nazirliyinin tapşırığı ilə (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçirilib: "Belə ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstərilir. Hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, evdə nəzarəti və vitamin kompleksi ilə təminatı poliklinikalar tərəfindən icra edilir. Təcili tibbi yardım xidməti hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrdən laborator müayinə materialı götürür".