Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 14:50
Milad bayramı ərəfəsində Amerika qitəsinin ən sıx və iqtisadi cəhətdən aktiv şəhərlərindən biri olan Mexiko xəstəxanalardakı koronavirusa yoluxanların sayına görə, növbəti dəfə acınacaqlı antirekordla fərqlənib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu həftə Meksikanın paytaxtında xəstəxanalardakı koronavirusa yoluxanların sayı ən yüksək həddə - 4 min 598-ə çatıb. Lakin buna baxmayaraq, hökumət məhdudiyyətləri sərtləşdirməyib.
Paytaxt meri Klaudiya Şeynbaumun iqtisadi cəhətdən zərər çəkmiş Mexiko üçün son həftələrdə tətbiq etdiyi müvafiq yumşaldıcı tədbirlər nəticəsində yoluxanların sayı bir qədər azalıb. Merin qərarı ilə istirahət günləri üçün şəhərdə "quru qanun" qüvvəyə minib, ikinci dərəcəli mağazaların, küçə ticarətinin, köşklərin fəaliyyətləri dayandırılıb, hərəkət sıxlığı olan yollara giriş məhdudlaşdırılıb, kütləvi tədbirlər, məsələn, adətən milyondan çox insanın iştirak etdiyi Müqəddəs Guadalupe bazilikasına ziyarət ləğv edilib. İzləmə tədbirləri, QR kodları vasitəsilə aktiv xəstələrin mümkün əlaqələrinin təyin edilməsi istiqamətində görülən tədbirlər gücləndirilib. Gündəlik 20 min testin keçirilməsinə nail olmaq məqsədilə pulsuz testlərin sayı artırılıb.
Son iki həftədə sutka ərzində yoluxan insanların sayı orta hesabla 1200 nəfərdən 5000 nəfərədək çoxalıb.
Meksikanın səhiyyə sektorunun nümayəndələri vəziyyətin daha ağır olacağını proqnozlaşdırır. Onların gəldiyi qənaətə görə, tibbi resursların tükənməsi və çatışmazlığı 2021-ci ilin yanvarında paytaxtın səhiyyə sisteminin tamamilə çökməsinə səbəb ola bilər.
Meksika Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 milyon 267 min 202 nəfər, ölənlərin sayı isə, 115 min 99 nəfər təşkil edir. Qeyd edək ki, hazırda Meksikada gündəlik yoluxma hallarının sayı 11 min 228 nəfərə çatır.