Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 07:02
"Müharibənin ilk günlərindən - sentyabrın 28-dən hərbi xidmətdəyəm. Əvvəl Goranboyun Ballıqaya kəndi istiqamətində hərbi xidmətdə olmuşam. Daha sonra Murovdağ uğrundakı döyüşlərdə iştirak etmişəm. Sonra Goranboydakı hərbi hissəyə göndərilmişəm. Daha sonra isə cənuba göndərilmişəm. Əvvəl Qubadlıda olmuşam, indi isə Zəngilandayam".
Sonxeber.net bildirir ki, bu sözləri oxu.az-a MMA üzrə Rizin Qran-Pri kəmərinin yüngül çəkidə çempionu, Azərbaycanın tanınmış idmançısı Tofiq Musayev deyib.
Tofiq Musayev döyüşdəki təəssüratlarından danışıb:
"Açığı, erməni ilə əlbəyaxa döyüş imkanım olmayıb. Olsaydı, döyüş fəndlərimdən istifadə edə bilərdim. Amma müharibədə əsas gücü silah oynayır. Çox yaxın-yaxına döyüşürsən. Filmlərdəki dava-davaya bənzəsə də, burada bir güllə həyatına son qoya bilər".
Zəngilanda kəşfiyyat tağımının komandiri, rütbəcə leytenant olan Tofiq Musayev nə vaxt tərxis olacağını bilmədiyini qeyd edib:
"Zəngilan Ermənistanla sərhəddə yerləşir. Deyilənə görə, Dövlət Sərhəd Xidmətinin əsgərləri bura gətirilməlidirlər. Bundan sonra biz işimizi başa vurub tərxis ola bilərik. Amma hələ ki, heç bir qərar yoxdur. Ola bilər ki, DSX-ya kömək məqsədilə hələ bir müddət də burada qalaq. İstənilən halda, Vətənə borcumuzu yerinə yetirməkdən bezməmişik".
O, 31 yaşını Zəngilanda qeyd etməsindən də danışıb:
"Bəli, bir neçə gün əvvəl 31 yaşım tamam oldu. Ad günümü əsgərlərlə birgə keçirdim. Ağlıma da gəlməzdi ki, nə vaxtsa ad günümü Zəngilanda keçirərəm".
Xatırladaq ki, Tofiq Musayev Azərbaycan MMA tarixində ən uğurlu karyera quran idmançılarımızdandır. O, qeydiyyata alınan 21 döyüşdən 18-də qələbə qazanıb. Ardıcıl 14 görüşdə qələbə qazanan Musayev ötən ilin dekabrın 31-də bir gündə iki döyüş keçirməklə Yaponiyada keçirilmiş Rizin Qran-Pri kəmərinin sahibi olub.