Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 14:20
Bakı. Ceyhun Ələkbərov - Trend:
Ermənilər bizim məscidlərimizi, dini abidələrimizi sökməklə, murdarlamaqla bütün müsəlman dünyasını təhqir edib.
Bunu Trend-ə açıqlamasında Heydər Məscidinin imamı, ilahiyyatçı Rüfət Qarayev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışlarında daim bu məsələni xüsusi vurğulayaraq beynəlxalq aləmə ermənilərin necə bir insan olduqlarını göstərmək istəyir:
“İslam dinində digər dinlərə qarşı təhqir, yaxud onların abidələrinə qarşı hörmətsizlik yoxdur. İslam dininin ilkin dövrlərindən qoyulan bu qayda, bu günə kimi də qüvvədədir. Ancaq əfsuslar olsun ki, bu gün özünü dünyaya yaxşı göstərməyə çalışan ermənilər, bizim dinimizə qarşı hörmətsizlik edib. Cənab Prezident İlham Əliyev hər çıxışında məscidlərimiz, məbədlərimiz və dini abidələrimiz dağıdılıb deyəndə onu vurğulamaq istəyir ki, düşmən bizim dinimizi təhqir edib”.
İlahiyyatçı qeyd edib ki, məscidin dağıdılması qurana, namaza, bütün islam dəyərlərinə hörmətsizlikdir:
“Dini təhqir etmək tək dildə olmur. Bir müsəlmanın ibadət ocağı məsciddir. İnsan ora hörməti Qurani-Kərimin əsasında edir, məsciddə quran oxuyur, namaz qılır. Məscidin dağılması bütün bu dəyərlərə qarşı hörmətsizlikdir. İşğal olunmuş ərazilərdə seyidlərin türbəsi olub. O türbələr yerlə-yeksan edilib. Düşmən bununla kifayətlənməyib dağılmış dörd divar arasında sanki bizə göz dağı verərək donuz saxlayıb. Ermənilər xristian olsalar da, belə hərəkətlər onların dinində də yolverilməzdir. Bu cür əməllər tək bizə qarşı deyil, bütün müsəlman dünyasına təhqirdir”.