Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistanın bizimlə olan sərhədlərini də rusiyalı sərhədçilər qoruyacaq'' - Ekspert

''Ermənistanın bizimlə olan sərhədlərini də rusiyalı sərhədçilər qoruyacaq'' - Ekspert

Tarix: 25 Dekabr 2020 16:06

"Rusiyanın Ermənistanda ikinci hərbi baza yaradacağını real hesab etmirəm. Çünki hərbi baza yaratmaq tamam fərqli bir şeydir".

Bunu Milli.Az-a açıqlamasında siyasi ekspert Fərid Əkbərov bildirib. 

Ekspert bildirib ki, Azərbaycan hərbçilərinin Zəngəzurla sərhəddə postlar qurması Ermənistanda qorxu yaradıb:

"Bu hansısa bir regiona sülhməramlı qoşunlar yerləşdirmək deyil. Hərbi baza yaratmaq tamamilə ayrı miqyasda, böyük həcmdə iş və vəsait tələb edir. Hərbi baza ilk növbədə həm də böyük logistika deməkdir. Rusiyanın Ermənistanda 102 saylı hərbi bazası var. Gümrü şəhərində yerləşən bu bazanın onsuz da logistika problemləri mövcuddur. Bildiyiniz kimi Rusiyadan ora hərbi yüklər ancaq hava yolu ilə çatdırılır. Bu isə çox böyük xərc tələb edir. Ermənistanın ərazisi elə də böyük deyil ki, orada Rusiya ikinci hərbi baza yerləşdirsin. Aydın məsələdir ki, bütün bunlar Azərbaycanın işğal altındakı rayonlarını azad etməsindən sonra Ermənistan cəmiyyətində yaranan təşvişdən qaynaqlanır. Zəngilanla Ermənistanın Syünik (Zəngəzur) vilayətinin sərhəd olması və Azərbaycan hərbçilərinin həmin ərazilərdə hərbi postlar qurması Ermənistanda qorxu yaradıb".

O qeyd edib ki, Rusiya dövlət olaraq artıq yeni hərbi strategiyaya keçib:

"Bir məsələni yaddan çıxarmayaq ki, onsuz da Ermənistanın dövlət sərhədini Rusiyanın Sərhəd Qoşunları qoruyur. Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası başa çatandan sonra Ermənistanın bizimlə olan sərhədlərini də rusiyalı sərhədçilər qoruyacaq. Bu məsələnin birinci tərəfidir. Məsələnin digər tərəfi isə, Rusiyanın dövlət olaraq artıq yeni hərbi strategiyaya keçməsidir. Qarabağ uğrunda Vətən müharibəsində Azərbaycanın göstərdiyi hərbi taktika da şimal qonşumuzu yeni hərbi strategiyaya keçməyə vadar edib. Yüksək texnologiyaların istifadə olunduğu bu müharibə artıq "hərbi baza yaratmaq" kimi köhnə hərbi strategiyanın, köhnə müharibə metodlarının geridə qaldığını göstərir".

"Xatirinizdədirsə, Suriyada hərbi bazasının olmasına baxmayaraq Rusiya bu ölkədə terrorçuları məhv etmək üçün ən effektiv yollardan biri kimi Xəzər donanmasındakı hərbi gəmilərdən qanadlı raketlərlə radikal terrorçuların mövqelərini dəqiqliklə vurmağı seçmişdi. Yəni, bir daha qeyd edim, texnologiyanın inkişafı dövlətlərin, xüsusi ilə də peyk texnologiyası inkişaf etmiş dövlətlərin yeni hərbi strategiyaya keçməsinə səbəb olub. Artıq logistika cəhətdən mürəkkəb olan regionlarda hərbi baza saxlamaq o qədər də əlverişli deyil. Ona görə də, Rusiyanın Ermənistanda ikinci hərbi baza yaradacağına inanmıram", - Fərid Əkbərov deyib.

Xatırladaq ki, Ermənistanın müxalifət lideri Marukyan "Syunikdə (Zəngəzur) Rusiyanın II hərbi bazasının yaradılması təklifi ilə çıxış edib.

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənistanın bizimlə olan sərhədlərini rusiyalı sərhədçilər qoruyacaq Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ