Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2019 16:45
Bakı. İlhamə İsabalayeva - Trend:
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri - Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirib.
Trend-in məlumatına görə, tədbir məktəblilərin şeir kompozisiyası ilə başlayıb. Daha sonra akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru professor Nurlana Əliyeva bu gün şərəfli bir insanın xatirəsini yad etmək üçün toplaşdıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Onun sözlərinə görə, ömürboyu insanların gözünə nur verən və həyatı da nura çevrilən Zərifə Əliyeva Azərbaycan qadınları üçün bir örnək olub: "Çox ziyalı ailədə boya-başa çatan Zərifə Əliyevanın həyatı mənalı olduğu qədər həm də çox məsuliyyətli olub. O, təvazökar olduğu qədər uca olub. O, çətinlik çəksə də, həmişə Azərbaycan anasını ən uca səviyyədə təmsil edə biləcək qədər uca olub. O, milli-mənəvi keyfiyyətlərini heç zaman heç nəyə dəyişməyib".
Akademik Zərifə Əliyevanın Azərbaycan tarixində, ölkənin milli-mənəvi həyatında mühüm rol oynadığını söyləyən rektor əlavə edib ki, Azərbaycan xanımlarının zərifliyinin, humanizminin və qayğıkeşliyinin mücəssiməsi olan Zərifə Əliyeva öz nurlu siması, ana ləyaqəti, alim məsuliyyəti ilə yaddaşlarda daim yaşayacaq:
"Bu gün Zərifə xanım öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə sözün əsl mənasında vətəndaşlıq örnəyinə çevrilib. Bu gün onun çırağını yandıran Mehriban Əliyevanın da fəaliyyəti Azərbaycan qadınları üçün örnəkdir. Zərifə xanımın oğlu, dövlətimin başçısı İlham Əliyevin fəaliyyətindən bu gün hər birimiz fəxr duyuruq".
Zərifə Əliyevanın həyatını bütün Azərbaycan qadınları üçün örnək sayan Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, 1-ci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadə bildirib ki, onun əsas məqsədi hər zaman ailəsinə və seçdiyi ixtisasa sadiq olmaq olub: "Zərifə xanımın həyatı çətin olub, çünki o, üzərinə düşən vəzifənin məsuliyyətini başa düşürdü. Zərifə xanımın anası çox gözəl nəsildən olan bir xanım idi. Zərifə xanım uşaqlıqdan zərifliyi, istiqanlığı görüb, ona görə özü də həyatda belə xarakterdə olub. O, həmişə xalqı haqqında düşünürdü, onda biganəlik hissi yox idi. O, hər zaman bütün görüşlərində Azərbaycan qadınlarını yüksəklərə qaldırmaq üçün fikirlər söyləyirdi. Çünki Azərbaycan qadınını daim uca görmək istəyirdi. Onun bütün məqsədi Azərbaycanın varlığına həsr edilmişdi. Biz Azərbaycan xalqı olaraq, daim onunla fəxr etməliyik".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Zərifə Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
O, Zərifə Əliyevanı dahi bir şəxsiyyət kimi səciyyələndirb: "Mən çox xoşbəxt insan olmuşam ki, onu şəxsən tanımışam. Onun verdiyi məsləhətlər hələ də yadımda qalıb. O zaman qadınlar hərəkatı yeni fəaliyyətə başlamışdı. Ulu öndər həmişə qadın hərəkatına xüsusi diqqət verirdi, çünki onun yanında Zərifə Əliyeva kimi güclü, geniş dünyagörüşlü qadın var idi".
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, Zərifə xanım tanınmış ictimai xadim olmaqla yanaşı, gözəl həyat yoldaşı, qayğıkeş ana olub. О, müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynayıb. O, Heydər Əliyevin yaxın silahdaşı, Prezident İlham Əliyevin anası olub. Zərifə xanım hamımızın qəlbində yaşayır və yaşayacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin