Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 10:57
Bakı.İlhamə İsabalayeva -Trend:
İşğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə işğaldan azad olunmuş ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır.
Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.
Nazir müavini deyib ki, işğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib.
Firudin Qurbanov çıxışında 17 dayanıqlı inkişaf məqsədindən biri olan “Ədalətli, keyfiyyətli və hamını əhatə edən təhsilin təmin edilməsi, hamı üçün bütün ömrü boyu oxumaq imkanlarının dəstəklənməsi” məqsədilə bağlı müəyyənləşdirilmiş hədəflər üzrə əldə edilmiş nailiyyətlər barədə də məlumat verib. Qeyd edib ki, Azərbaycanda təhsil sistemində aparılan islahatlar, həyata keçirilən tədbirlər nəticəsində 15 və yuxarı yaşda olan əhalinin savadlılıq səviyyəsi, ibtidai təhsilə nail olma səviyyəsi, ibtidai təhsili başa vurma səviyyəsi, təhsilini I sinifdən başlamaqla V sinifə qədər başa vurmuş şagirdlərin xüsusi çəkisi, demək olar ki, 100 faizə çatdırılıb. Nazir müavini əlavə edib ki, növbəti illərdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə bağlı “Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq işlər davam etdiriləcək. Strategiyanın məqsədi ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir.