Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''44 günlük müharibə Ermənistanın ağır böhranın bütün əlamətlərini üzə çıxardı''

''44 günlük müharibə Ermənistanın ağır böhranın bütün əlamətlərini üzə çıxardı''

Tarix: 29 Dekabr 2020 14:30

"44 günlük müharibə Ermənistanın ağır daxili böhran vəziyyətini həm tam çılpaqlığı ilə üzə çıxardı, həm də Ermənistan iqtisadiyyatının çox zəif olduğu bir şəraitdə ağır müharibə xərcləri ölkənin düçar olduğu hərtərəfli böhranı daha da dərinləşdirdi".

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Ermənistanda böhran o qədər hərtərəfli və dərin bir xarakter alıb ki, ölkə rəhbərləri bunu artıq gizlətmirlər və açıq şəkildə etiraf edirlər:

"Məsələ burasındadır ki, Ermənistan əslində müharibəyə qədər də çox ağır bir böhran içərisində idi. Çünki bütün ağıllı adamlar fikirlərini bildirirdilər və bu fikirlər üst-üstə düşürdü ki, Ermənistanın iqtisadiyyatı uzun müddətli təcavüzkar müharibə aparmaq gücündə deyil. Eyni zamanda bu siyasət nəticəsində ölkənin tam təcrid vəziyyətinə düşməsi və beynəlxalq iqtisadi ticarət, inteqrasiya proseslərindən tam kənarda qalması bu ölkəni onsuz da çökdürmüşdü. Sadəcə olaraq 44 günlük müharibə Ermənistanın düçar olduğu ağır böhranın bütün əlamətlərini daha parlaq şəkildə üzə çıxardı. Eyni zamanda bu böhranın ağır olmasını göstərən faktlardan biri də bundan ibarətdir ki, Ermənistanın nəinki siyasi müxalif dairələri, hətta bu gün hakimiyyətdə olan və mövcud vəziyyətə görə az da olsa məsuliyyət daşıyan siyasi dövlət elitasının özləri də açıq şəkildə etiraf etmək məcburiyyətində idilər. Görün, böhran nə dərəcədə hərtərəfli və dərin bir xarakter alıb ki, Ermənistan rəhbərləri bunu artıq gizlətmirlər və açıq şəkildə söyləyirlər. Ermənistanın düçar olduğu böhran özünün miqyasına, dərinliyinə görə dünya tarixində analogiyası mümkün olmayan bir böhrandır. Eyni vaxtda ölkənin iqtisadiyyatı, mənəvi, psixoloji aləmi, sosial, humanitar sahələr və bunlardan daha üstün ölkənin beynəlxalq miqyasda mövqeyi və imici çox dərin bir böhran içərisindədir. Ermənistanın indi prezidentinin dediyi "Bizim təkcə dövlətimiz, ölkəmiz yox, həm də millətimiz və cəmiyyətimiz dərin böhran içərisindədir" fikrində çox böyük həqiqətlər var. Ermənistanın bir dövlət kimi, xalqın bir xalq kimi, cəmiyyətin cəmiyyət kimi dərin böhran içərisində olması ümumi şəkildə bir erməni insanının da dünyada imicinin tamamilə dağılıb getməsinə səbəb oldu. Çünki Ermənistan bu 44 günlük müharibədə nə qədər mümkünsüz olsa da həm mövcud vəziyyəti və mövqelərini qoruyub saxlamağa çalışırdı, həm də müharibənin əsl mahiyyəti haqqında dünyanın bildiyi həqiqətləri 180 dərəcədə tərsinə çevirərək çatdırmağa çalışırdı.Həm sonda 30 ildə əldə etdikləri mövqeləri itirdilər, həm də Ermənistan dövləti ilə bərabər erməni fərdlərinin, erməni insanının yalançı obrazı da dünya miqyasında tam şəkildə ifşa olundu. Bax, buna görə Ermənistan prezidentinin dediyi "erməni insanının imici dünyada dərin böhran içərisindədir" fikri də tamamilə həqiqətə uyğundur".

A.Quliyev qeyd edib ki, Ermənistanın bir yox, bir neçə dəfə konstitusiyasının dəyişdirilməsi də bu ölkəni böhrandan çıxara bilməz:

"Burada Ermənistanın indiki böhrandan çıxış yolları barədə siyasətçilərin, o cümlədən dövlət adamlarının səsləndirdiyi fikirlər, etdikləri təkliflər də diqqəti cəlb edir. Məsələn, hazırda orada parlament seçkilərindən, yeni hökümətin formalaşmasından, hətta yeni konstitusiyanın qəbul olunmasından belə söhbət gedir. Ancaq, azacıq dərindən düşünəndə tam aydın şəkildə görsənir ki, Ermənistanın bu dərin böhrandan çıxması heç də sadəcə olaraq konstitusiyanı dəyişməkdən ibarət deyil və sadəcə konstitusiyanın dəyişməsi Ermənistanı böhrandan çıxara bilməz. Çox vacibdir ki, Ermənistanın rəhbərliyi əgər bu ölkənin gələcəyini doğrudan da mütərəqqi bir inkişaf relsinin üzərində görmək istəyirsə, bu ölkənin təcavüzkar siyasətindən, qonşulara qarşı ərazi iddialarından birmənalı şəkildə imtina edilməsini artıq xalqın və dövlətin davranış və fəaliyyət normasına çevirsinlər. Məsələn, əgər yeni konstitusiyada da Ermənistanın təcavüzkar niyyətləri qonşu Azərbaycana və Türkiyəyə Ağrı dağının timsalında ərazi iddiaları rəsmi şəkildə təsbit olunacaqsa, Ermənistanın bir yox, bir neçə dəfə konstitusiyasının dəyişdirilməsi də bu ölkəni böhrandan çıxara bilməz. Ona görə, Ermənistan rəhbərlərinin bu gün dərin böhran haqqında açıq danışmaqları bir tərəfdən obyektiv yanaşmadır, amma o biri tərəfdən ona görə obyektiv və tam olmayan yanaşmadır ki, Ermənistanın bugünkü böhranının əsl səbəbini hələ də görə bilmirlər. Bax, məsələnin mahiyyəti bundan ibarətdir".

Təhməz Əsədov


Etiketlər:  günlük müharibə Ermənistanın ağır böhranın bütün əlamətlərini üzə çıxardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ