Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid anası: Oğlum hər dəfə ''çox keçməz qələbə xəbərini eşidəcəksiniz'' deyərdi - FOTO

Şəhid anası: Oğlum hər dəfə ''çox keçməz qələbə xəbərini eşidəcəksiniz'' deyərdi - FOTO

Tarix: 30 Dekabr 2020 22:58

"Sübhan ailəmizin ən sevimlisi idi. Üç il əvvəl əsgərliyə getmişdi. Xidmətini başa vurub gələndən sonra yenidən ordu sıralarına qayıtmaq istəyirdi. Erməni işğalçılarına qarşı Vətən müharibəsi başlayandan iki gün sonra səhər tezdən bizimlə sağollaşdı. "Dostlarımla yazılmışıq. Könüllü cəbhəyə gedirik. Nigaran qalmayın", - dedi və cəbhəyə yollandı. Cəbhədən bizimlə tez-tez danışırdı. Hər dəfə də "döyüşlər uzun çəkməyəcək, çox keçməz qələbə xəbərini eşidəcəksiniz" deyərdi..." Ağsudan olan şəhid anası Almaz Cəfərova sözlərini davam etdirə bilmir, gözləri dolur.

Sonxeber.net xəbər verir ki, Şəhid anası AZƏRTAC-a bildirib ki, Sübhanın bu müjdəsi çox çəkmədi və cəmi 44 günə qələbə xəbərini eşitdik: "Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə düşmən diz çökdürüldü. Lakin oğlum bu xəbəri eşitmədi. O, oktyabrın 10-da şəhid oldu..."

Sübhan Mehman oğlu Cəfərov 1999-cu ildə Ağsu şəhərində anadan olub. 2017-ci ildə həqiqi hərbi xidmətə gedib və xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdıb. Subay idi. Sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatına qarşı əks-hücum əməliyyatı başlayanda minlərlə gənc kimi, o da hərbi komissarlığa müraciət edərək könüllü olaraq cəbhəyə getmək istədiyini bildirdi. Döyüşlərin ikinci günü ön cəbhədə erməni işğalçılarına qarşı savaşa atıldı. Vətəni sevən bir gənc kimi igidliklə vuruşdu, torpaqlarımıza xaincəsinə soxulan düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Oktyabrın 10-da isə Talış kəndinin azad edilməsi uğrunda gedən hərbi əməliyyat zamanı qəhrəmancasına döyüşərək şəhid oldu.

Şəhid Sübhan Cəfərov Ağsu şəhərindəki Şəhidlər xiyabanında uyuyur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.


Etiketlər:  Şəhid anası Oğlum hər dəfə çox keçməz qələbə xəbərini eşidəcəksiniz deyərdi FOTO


RƏYLƏR