Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2021 12:28
Bakı. İlhamə İsabalayeva - Trend:
Üzümçülük, tütünçülük və taxılçılığın inkişaf etdiyi Qubadlı, Zəngilan rayonlarında həmin sahələrin, eləcə də heyvandarlığın bərpa olunması olduqca vacibdir.
Bunu Trend-ə AMEA-nın Coğrafiya İnstitutunun "İnsan coğrafiyası" istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov deyib.
Onun sözlərinə görə, heyvandarlıq sahəsində dövlətin həyata keçirdiyi tədbirlər planına uyğun olaraq, həmin ərazilərdə cins heyvanların alınaraq maldarlığın inkişafı üçün xüsusi fermaların tikilməsi və ilkin yerləşdirilməsi mühümdür. Üzümçülük və tütünçülük sahələrinin emalı üçün müəssislər yaradılmalıdır, çünki bunlar material tutumlu sahələrdir. Belə ki, xammalın ilkin emalı yerində yerinə yetirilə bildiyindən uzaq məsafəyə daşınmasına ehtiyac qalmır.
Z.Eminov qeyd edib ki, Kəlbəcər tamamilə dağlıq ərazidə yerləşdiyindən burada əsasən qoyunçuluğun inkişafı mümkündür. Burada çayların vadilərində, dağətayi ərazilərdə əkinçilik aparılsa da, bunlar məhdud sayda ola bilər.
Alim əlavə edib ki, ölkəmizin mühüm iqtisadi və ərazi potensialını təşkil edən Qarabağda bərpa, tikinti və quruculuq işlərinin aparılması qarşıda duran ən vacib məsələlərdən biridir. Bu vəzifələrin həyata keçirilməsi üçün isə ilk növbədə dövlət proqramlarının qəbul edilməsi vacibdir.
İndiyədək Azərbaycanın ayrı-ayrı regionlarının inkişafı üçün qəbul edilən 4 dövlət proqramı uğurla həyata keçirilib. Həyata keçirilməsi davam edən sonuncu - 2019-2023-cü illər üçün dövlət proqramında işğal altında olan torpaqların azad edilməsindən sonra yeni dövlət proqramının qəbul edilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Yuxarı Qarabağ iqtisadi rayonu (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları və Xankəndi şəhəri), eləcə də Kəlbəcər-Laçın iqtisadi rayonunun (Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı) sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi yeni dövlət proqramı hazırlanaraq həyata keçirilməsi istiqamətində işlər aparılacaqdır.
Bununla yanaşı, dövlət proqramlarının həyata keçirilməsinə kömək və dəstək məqsədilə elmi müəssisələrin qarşısında duran vəzifələr müəyyənləşdirilməlidir. Coğrafiya İnstitutunda yerinə yetiriləcək ən birinci məsələ ərazilərin fiziki və iqtisadi cəhətdən öyrənilməsidir:
"Belə ki, ərazilərin fiziki coğrafiyasında ciddi dəyişikliklər baş verib: meşələr qırılıb və ya yandırılıb, çaylar yararsız hala düşüb, kənd təsərrüfatı sistemi tamamilə məhv edilib, torpaqlar deqredasiyaya uğradılıb, yaşayış məntəqələrində təbii şərait acınacaqlı vəziyyətə düşüb. Ona görə ilk növbədə ərazinin mövcud təbii şəraiti və təbii ehtiyatları qiymətləndirilməlidir. Hər bir ərazinin ən azı 5 illik inkişaf planı olmalıdır. Nəzərə almaq lazımdır ki, Qarabağ uzun illər Azərbaycanın əsasən kənd təsərrüfatının inkişaf etdiyi bölgəsi olmuşdur və bu funksiyanın bərpa olunması vacibdir. Torpaqların qiymətləndirilməsi, onlardan hansı məqsədlər üçün istifadə edilməsi - hansı torpaqlarda hansı kənd təsərrüfatı bitkilərinin əkilməsi, həmin ərazilərdən həyətyanı, yoxsa əkin sahələri, fermer təsərrüfatları kimi, yaxud yerli kooperativ təsərrüfatların yaradılması üçün istifadə ediləcəyi əvvəlcədən müəyyənləşməlidir".