Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 11:38
"ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri, seçkidən sonra yaşananlar dünyanın diqqət mərkəzindədir. Qlobal səviyyədə özünü "demokratiya və demokratik seçki jandarmı" kimi aparan, müxtəlif ölkələrin seçkilərinin demokratik keçirilməməsi, mübahisələrin olması ittihamı ilə suçlayıb sıxışdıran ABŞ artıq ikinci dəfədir ki, özü seçki sıxıntısı yaşayır".
Bunu Sonxeber.net-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, siyasi fəal Yeganə Hacıyeva deyib.
Ekspert bildirib ki, ABŞ seçki sistemi müasir dünyanın şərtlərinə görə köhnə və sıravi vətəndaşın səsini vacib hesab etməyən bir sistemdir:
"Reality Şou" xarakteri daşıyan ABŞ seçkisi həmişə gərgin və seçki sisteminin doğurduğu narazılıqlarla keçib. Lakin artıq neçənci seçkidir ki, narazılıqlar namizədlərin tərəfdarlarının bıçaqlanması, etirazlar, toqquşmalarla müşayiət olunur. Keçən il noyabrın 3-də keçirilən prezident seçkisindən sonra yaşananlar isə əsl xaosu xatırladır. Əminliklə demək olar ki, hələ indiyə qədər Birləşmiş Ştatlarda bu cür qalmaqallı seçkilər olmayıb. Hazırkı prezident, respublikaçı Donald Tramp və onun demokratlardan olan rəqibi, seçkinin nəticələrinə görə qalıb gəlmiş Co Bayden arasında gedən rəqabəti ancaq belə adlandırmaq olar. İndiyə qədər ölkədə keçirilən prezident seçkilərində dünya bunun şahidi olub ki, seçkilər bitən kimi məğlub tərəf qalibi təbrik edib və bu həmişə demokratik seçki marafonunun mühüm şərti və atributu sayılıb. Bu dəfə isə bu baş vermədi. Bu seçkilərdə istər seçki kampaniyasında, istər səsvermə günü, istərsə də səslərin sayıldığı müddətdə də hər iki namizəd bir-birini saxtakarlıqda ittiham etdi.
İlk gündən namizədlərin ABŞ seç̧ki sistemi çatışmazlıqlar barədə səsləndirdikləri fikirləri, ABŞ da xalqın demokratik qurumlara olan inamının zədələnməsini ilə nəticələndi. Seçki sonrası keçirilən sorğuların nəticəsi onu sübut edir ki, ABŞ-da uzun illərdir tətbiq olunan seçki sistemi artıq əvvəlki demokratik müsbət effekti vermir. ABŞ öz tarixinin böyük hissəsində seçkilərlə ikipartiyalı sistem əsasında idarə edilib, ölkənin ̧seçki sistemini ümumilikdə bu iki partiyanın sistemi, seçkiləri isə bu iki partiyanın yarışması da adlanıra bilərik. ABŞ seçki sistemidə yalnız bir dəfə 1912-ci ildə üçüncü partiyadan olan namizəd, İslahatçı kimi namizədliyi irəli sürülən Teodor Ruzvelt seçkilərdə səslərin 20 %-ini qazana bilib.
ABŞ seçki sistemi müasir dünyanın şərtlərinə görə köhnə və sıravi vətəndaşın səsini vacib hesab etməyən bir sistemdir. Prezident seçkiləri dörd ildən bir, üç mərhələdə: yerli, ştat və federal səviyyədə baş tutur.
Ümumiyyətlə, ABŞ seçki sistemi elə qurulub ki, ölkə üzrə bütün ştatlar üçün yekcins və vahid prezident seçkiləri prosesi yoxdur, bu proses çoxpilləli və bir neçə mərhələdən ibarət mürəkkəb prosesdir".
O qeyd edib ki, ABŞ-da hakimiyyət uğrunda gedən mübarizə Afrikanın inkşaf etməmiş ölkəsindəki kimi kütləvi iğtişaşlarla müşahidə olundu:
"Daha öncə qeyd etdiyim kimi, ABŞ seçki sistemi siravi vətəndaşın səsini vacib hesab etmir, qalib isə seçicilərdən ən çox səs sayı alan namizəd deyil, Seçənlər kollegiyasının ən çox səs verdiyi şəxs hesab edilir.
Seçənlər kollegiyasının mövqeyi ilə onları seçən sıravı seçicilərin mövqeyinin üst-üstə düşməməsi isə ABŞ üçün normal haldır. Baxmayaraq ki, keçən əsrin 60-cı illərindən sonra bir sıra ştatlarda Seçənlər kollegiyasının səsvermədə onları seçən seçicilərin mövqeyini ifadə etməsi üçün öhdəlik imzalanması təcrübəsi tətbiq edilir. Amma çox ştatda bu belə deyil.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyası birgə həyata keçirilən müşahidə missiyası noyabrın 3-də baş tutan seçkilər haqqında rəyi təxminən 3-cü dünya ölkələrində seçkini xarakterizə edən çatışmazlıqları ifadə edən bir rəydir.
Seçki kampaniyası sistemli saxtakarlığa dair rəylər, ABŞ seçki sistemində dərin kök salmış siyasi qütbləşmənin təzahürü kimi ifadə olundu və ABŞ-da xalqın, sıravi vətəndaşın səsvermə hüququnu məhdudlaşdırılması kimi bir fikir ifadə olunur. Ölkədə sıravi vətəndaşın səsinin sayılmasının vacibliyinə diqqət çəkən ATƏT ABŞ-a bunu xatırlatdı.
Bu prezident seçkilərdə iştiraklılıq faizi də bir əsrdən çox müddət ərzində ən böyük iştiraklılıq və ABŞ tarixində ən bahalı president seçkisi hesab olunur. Bu il keçiriliən seçkilərə sərf edilən ümumi xərclər 14 milyard dollar civarında olub. Vəziyyət o yerə çatıb ki, dünyaya demokratiya dərsi keçən və demokratik seçki nümunəsi öyrədən ABŞ-da prezidentliyə namizədlər bir-birini seçki saxtakarlığında ittiham etdilər. Ölkənin prezidenti iştirak etdiyi seçkidə saxtakarlıqların olduğundan şikayət etdi və milyonlarla səsin düzgün hesablanmaması ittihami ilə Ali Məhkəməyə müraciət etdi. Özünü qlobal demokratiyanın beşiyi və müdafiəçisi hesab edən ABŞ-da hakimiyyət uğrunda gedən mübarizə Afrikanın inkşaf etməmiş ölkəsindəki kimi kütləvi iğtişaşlarla müşahidə olundu".
Y. Hacıyeva onu bildirib ki, ABŞ-da baş verənlərə dünya birliyinin susqun mövqeyi çoxlu suallar doğurur:
"ABŞ Konqresində baş verən hadisələr təkcə demokratiyanın böhranı kimi yox, həm də supergüc dövlətin əsaslarını sarsıdan bir hadisədir. Təsadüfi deyil ki, dünya mediası ABŞ-la qeyri-stabil siyasi sistemə malik ölkələr arasında paralellər aparır.
Konqresdə baş verən hadisələr zamanı etirazçılara qarşı şiddət tətbiq olunur, hüquq mühafizə orqanları kifayət qədər qəddar davranır və nəticədə 4 nəfərin həlak olması barədə xəbərlər var. Etirazların alovlanmasından ehtiyat edən Vaşinqton meri şəhərdə komendant saatı elan etdi və bu qərar əslinə milyonlarla insanın sərbəst toplaşma, ifadə azadlığının limitləyən bir qərar idi.
Nədənsə, başqa ölkələrdə etirazçılarla polis arasında baş verən insidentləri kəskin pisləyən təşkilatlar və ölkələrin bu məsələyə sərt reaksiyasına rast gəlmirik. ABŞ-da baş verənlərə dünya birliyinin susqun mövqeyi çoxlu suallar doğurur. Polisin etirazçılara güc tətbiqi fundamental insan haqqları, vətəndaşların seçim haqqının pozulması ilə bərabər, seçki sonrası ölkə daxili siyasi mühiti güc hesabına formalaşdırılması təəsüratını bağışlayır.
Sərbəst toplaşma, ifadə azadlığının bütün dünyada fundamental insan haqqlarının əsasını təşkil edən dəyərlərdir.
ABŞ özü uzun illər qlobal səviyyədə belə dəyərlərin müdafiəçisi rolunda çıxış edir və polisin etirazçılara güc tətbiqi iradını müxtəlif ölkələrə qarşı təzyiq və təsir vasitəsi kimi istifadə edirdi. Lakin iki gün əvvəl ABŞ da seçkidə saxtakarlıq hallarını araşdırmağa çağıran, seçkinin nəticələrinə etiraz edən vətəndaşlara qarşı polisin güc tətbiqi avtoritar ölkələrin üsullarından heç nə ilə fərqlənmədi".
Ekspert deyib ki, polisin Konqres binasında seçki nəticələrinə etiraz edən kütləyə silah açması, saxtakarlıqlara dinc etiraz edən vətəndaşların silah gücünə susdurması məqsədi daşıdı:
"ABŞ konqresində etirazçılara qarşı polis şiddətini bu il iyulun 14-də Azərbaycanda parlament binası önündə baş verən hadisələrdə Azərbaycan polisinin davranışı ilə müqayisə edə bilərik. Azərbaycan polisinin dözümlü, polis etikası çərçivəsində davranışı və ABŞ polisinin sərt metodlardan istifadəsi arasında müqayisə Azərbaycan polisinin daha sivil və müttərəqqi təcrübəsi haqqında danışmağa əsas verir. Polisin Konqres binasında, seçki nəticələrinə etiraz edən kütləyə silah açması, biri qadın, diğəri müharibə veteranı və daha iki nəfəri öldürməsi isə hökümətin seçkidə saxtakarlıq hallarını araşdırmaq deyil, bu saxtakarlıqlara dinc etiraz edən vətəndaşların silah gücünə susdurması məqsədi daşıdı. Oxşar hadisələr Azərbaycan, Türkiyə və s. müsəlman ölkəsində baş versə idi, heç şübhəsiz ABŞ höküməti sanksiyalar tətbiqi tələb edər və bu hadisələri mütləq həmin dövlətlərə və hökümətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edərdi.
Konqresdə baş verənlər və öldürülmüş şəxslərin kimliyi haqqında isə bu gün ABŞ mediasındakı yazılar sadəcə təəssüf doğurur. ABŞ mediası seçkilərin nəticələrinə etiraz edən əliyalın vətəndaşların Konqres binasını ələ keçirməsini 200 il əvvəlki ingilis işğalı ilə müqayisə edirlər və nədənsə diğər ölkələrdə oxşar hadisələr zaman sərgilədikləri mövqelərdən fərqli mövqe sərgiləyirlər.
ABŞ da siyasi sistemin böhranından doğan narazılıqlar, seçkilərə müdaxilə halları, hətta xaricdən müdaxilə halları barədə danışılması, ö̈lkənin prezidenti iştirak etdiyi seçkidə saxtakarlıqların olduğundan şikayət etməsi artıq o deməkdir ki, ABŞ dünya ölkələri üçün demokratik seçkilər nümunəsi sayılmır və sayıla bilməz".
Təhməz Əsədov