Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2019 15:24
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 1 tələbəsi SOCAR-ın “təqaüdçüsü”, 4 tələbəsi isə NORM Sement-in “təcrübəçisi” seçilib.
Trend-in məlumatına görə, tədris ilinin II semestrində AzMİU-nun əməkdaşlıq etdiyi ölkənin aparıcı şirkətlərindən olan SOCAR və NORM Sement Azərbaycan universitetlərinin 2, 3, 4-cü kurs bakalavr və 1-ci kurs magistr tələbələri üçün daxili təqaüd proqramı və ödənişli yay təcrübə proqramı elan edib.
AzMİU-nun tələbələri həmin proqramlara qatılıb, onlardan 5-i imtahan və müsahibələr nəticəsində uğur qazanıb. Universitetin SABAH qruplarının tələbəsi Rəhiməxanım Kazımlı 2018-2019-cu tədris ili üzrə həyata keçirilmiş SOCAR-ın Daxili Təqaüd Proqramına seçilən tələbələrdən olub. Qeyd edək ki, bir semestrlik nəzərdə tutulmuş təqaüdün hamısı SOCAR-da keçiriləcək mükafatlandırma mərasimində tələbəmizə təqdim olunacaq. NORM Sement-in də 2019-cu il üçün elan etdiyi ödənişli “Yay təcrübə proqramı” üzrə universitetin 4 tələbəsi - Mənsur İsmayılov (İnşaat mühəndisliyi), İnci Musayeva (İnşaat mühəndisliyi), Nurlan Qurbanov (Tikinti materialları), Ramin Qənbərli (Tikinti materialları) şirkətdə təcrübə keçmək imkanı qazanıb.
Məlumat üçün bildirək ki, tələbələrin elmi-texniki biliklərinin artırılması və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində nəzərdə tutulan “Yay təcrübə proqramı” onlara universitetdə öyrəndikləri nəzəri bilikləri tətbiq etmək və iş yerində təcrübə qazanmaq imkanı yaradacaq. Həmçinin seçilən tələbələr nahar və nəqliyyat xidmətindən yararlanacaq və təcrübəçilərə NORM Sement şirkəti tərəfindən proqram müddəti ərzində ödəniş ediləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin