Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 20:36
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Slovakiyada karantin qaydaları sərtləşdiriləcək. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir İqor Matoviç hökumətin növbədənkənar iclasından sonra elan edib ki, yanvarın 18-dən etibarən ölkədə kütləvi testlərə yenidən start veriləcək. Testlərin ilk mərhələsindən sonra işə çıxmaq istəyənlər yalnız müvafiq test arayışı ilə iş yerinə buraxılacaq. İndiyədək mövcud olan sərt karantin rejimi vaxtı gündəlik alış-veriş istisna olmaqla evi tərk etmək üçün yeganə səbəb iş yerinə getmək idi.
Səhiyyə naziri Marek Krayçi isə məsələni daha aydın şəkildə izah edərək bildirib ki, "könüllü" test imkanı yanvarın 26-dək qüvvədə olacaq. Həmin tarixədək testlərdən keçməyən şəxslər yanvarın 27-dən fevralın 7-dək sərt karantin rejimi ilə barışmalı olacaqlar və evlərini tərk etməyə icazə verilməyəcək.
Qeyd edilməlidir ki, Slovakiyada ötən ilin sonlarında bir neçə dəfə kütləvi testlər həyata keçirilib. Bu testlərin nəticəsi Həkimlər Palatası və bir sıra səhiyyə təşkilatları tərəfindən tənqidə məruz qalıb. Tənqidçilər hökuməti bütün ölkə üzrə əsas etibarilə sağlam insanları kütləvi testlərə cəlb etməkdə və onsuz da ağır vəziyyətdə olan səhiyyə sisteminə bu testlər vasitəsilə əlavə yük yaratmaqda ittiham edibdilər. Qeyd edilib ki, həmin testlərin əvəzinə diqqət risk qrupuna daxil olan şəxslərə və yoluxma ocaqlarına yönləndirilməli, səhiyyə sisteminin bütün qüvvələri isə qarşıdakı vaksinasiya kampaniyasına hazırlanmalıdır.