Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2021 21:42
Düzgün qidalanma dedikdə mayenin düzgün qəbulu da mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri Aynur Həsənova, Cəmilə Hacızadə və Nərgiz Ağayeva tərəfindən hazırlanan məqalədə qeyd olunub ki, mayenin düzgün qəbul edilməsi də vacib şərtdir: "Xüsusən də boş mədəyə qətiyyən spirtli içki qəbul etmək olmaz, hətta bu, ən yüngül içki olsa belə. Bu halda içki qana asanlıqla və sürətlə sorulur ki, qaraciyər, böyrək və ürəyə mənfi təsir göstərir. Evdə hazırlanmış turşu və marinadların spirtli içki ilə yanaşı qəbulu tövsiyə edilmir. Belə qidalar orqanizmdə mayenin uzun müddət qalmasına səbəb olur. Bu da toksinlərin bədəndən xaric olunmasının qarşısını alır. Maye olaraq kompota, xüsusən də pomidor şirəsinə üstünlük verilməlidir. Pomidor şirəsi pendir, çərəz və zeytun yağı ilə birlikdə orqanizm tərəfindən yaxşı mənimsənilməklə bərabər, ət və balıq yeməklərini də tamamlayır. Gavalı şirəsi tərəvəz salatları ilə, alma şirəsi isə desertlərlə harmoniya təşkil edir".
Mütəxəssislər bildirir ki, su orqanizm üçün müstəsna əhəmiyyətə malikdir: "Su körpələrdə bədən çəkisinin 75%-i, yaşlılarda 55 %-ni təşkil edir və hüceyrə homeostazı üçün vacibdir".
Gün ərzində 8 stəkan su içilməsi tövsiyə edilir. Qeyd olunub ki, susuzluq orqanizmdəki mənfi təsirini dərhal büruzə verir: "Belə ki, su çatışmazlığı səbəbindən bədəndə susuzlaşma (dehidratasiya) əmələ gəlir. Beynimiz nəmləndirmə vəziyyətimizdən güclü şəkildə təsirlənir. Tədqiqatlar göstərir ki, bədən çəkisinin 1-3 %-ni itirmək kimi yüngül dehidratasiya belə beyin fəaliyyətinin bir çox cəhətlərini poza bilər. Yüngül dehidratasiya uşaqların, yaşlı insanların əhval-ruhiyyəsinə, yaddaş və beyin fəaliyyətinə mənfi təsir edir. Dehidratasiya bəzi insanlarda miqrenə və başağrısına da səbəb ola bilər".
Qeyd olunub ki, az su istehlakı qəbizlik üçün də risk faktordur: "Araşdırma nəticəsində məlum olub ki, 12 həftəlik bir müddət ərzində yeməkdən əvvəl 0,5 l su içənlər su içməyənlərlə müqayisədə 44 % daha artıq çəki itiriblər. Qeyd edək ki, yemək vaxtı və yeməkdən dərhal sonra su içmək məsləhət görülmür. Yaxşı olardı ki, 200-300 ml su yeməyə 10-15 dəqiqə qalmış ilıq şəkildə içilsin. Bu halda su 10-15 dəqiqədən sonra mədə şirəsi ilə bərabər şəkildə mədəni tərk edir və həzmolma prosesini sürətləndirir. Suyun zülal tərkibli qidalardan 4 saat, nişastalı qidalardan 2 saat, meyvələrdən 30 dəqiqə sonra içilməsi faydalıdır".