Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 12:18
Bu çıxış bir daha ondan xəbər verir ki, Ermənistan tərəfi öz irqçi siyasətindən əl çəkmək niyyətində deyil.
Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistan nümayəndəsinin AŞPA-nın ötəngünkü sessiyasında çıxışı zamanı "Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşaması qeyri-mümkündür" açıqlamasını şərh edərkən deyib.
Politoloq bildirib ki, Ermənistanın məqsədi 10 noyabrda əldə olunmuş razılıqları müxtəlif yollarla pozmaqdan ibarətdir:
"Bu tezisin AŞPA-nın Parlament Assambleyası çərçivəsində səsləndirilməsi Ermənistan üçün çox zərərlidir. AŞPA-nın əsas prinsipi, həssas meyarı var ki, onun üzərində öz işini qurur. Bu meyarların, prinsiplərin biri də xalqların dinc şəkildə, qarşılıqlı hörmət çərçivəsində birgə yaşayışının təmin olunmasından ibarətdir. Bu prinsip müxtəlif xartiyalarda və qətnamələrində öz əksini tapmışdır.
Düşünmək olar ki, bu çıxış, əslində, AŞPA-nın prinsiplərinə ziddir və ermənilərin mövqelərini həmin qurumda zəiflədə bilər. O ki qaldı bu siyasət və bu siyasətin davam etdirilməsinə, niyyətləri ondan xəbər verir ki, təəssüflər olsun ki, Ermənistan tərəfi 44 günlük müharibədən və müharibənin yekunlarından kifayət qədər nəticə çıxarmayıb. Yeri gəlmişkən, o üçtərəfli sənədi (10 noyabr, 2020-ci il) düzgün oxumayıblar. Çünki üçtərəfli sənəddə bu məsələ ilə bağlı konkret müddəalar var - həm müharibədən sonrakı vəziyyətdə, həm nəqliyyat kommunikasiyasının açılması, həm də köçkünlərin doğma yurd-yuvalarına qayıtması və birgə yaşaması ilə bağlı olan müddəlar var. Yeri gəlmişkən, o üçtərəfli sənədə Nikol Paşinyan qol çəkib. Ona görə də onlar istədi-istəmədi bunu yerinə yetirməyə məcbur olacaqlar.
Bu, bir daha göstərir ki, Ermənistan siyasəti ardıcıl deyil, Ermənistanın məqsədi heç də regionda sülhün bərqərar olması deyil və əldə olunmuş razılıqları müxtəlif yollarla pozmaqdan ibarətdir".
Təhməz Əsədov