Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşa qalasının neçə darvazası var?

Şuşa qalasının neçə darvazası var?

Tarix: 1 Fevral 2021 23:56

Dağlar qoynunda salınmış Şuşa şəhəri Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı, misilsiz gözəlliklər diyarıdır. Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi hər daşı-qayası ilə tarixi keçmişimizdən soraq verən bu qədim məkana olan marağı daha da artırıb. 28 ildən artıq işğal altında olan dağlar qoynundakı şəhərin hər qarışı, hər addımı özündə çox böyük tarixi yaşadır.

Son vaxtlar Şuşa qalasının darvazalarının sayı barədə müxtəlif məlumatlar səslənir. Sonxeber.net bildirir ki, Qarabağ, o cümlədən Şuşa şəhəri, onun tarixi və etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev mövzu ilə bağlı AZƏRTAC-ın müxbirinin sualını cavablandırarkən deyib: "XVIII əsrin 50-60-cı illərində Şuşa qalasının təməli qoyulanda iki giriş darvazası tikilib. Onlardan biri şəhərin şimal tərəfində Gəncə darvazası, digəri qərb tərəfindəki İrəvan darvazası idi. Giriş darvazalarının ikisi də eyni ölçüdə və arxitektura cəhətdən eyni formada inşa edilib. Qala divarlarının uzunluğu 3,7 kilometr, divarların eni 2,2 metr, hündürlüyü 8 metr olub. İstehkam məqsədi daşıyan qala divarlarında hər 50 metrdən bir döyüş bürcü qoyulub. Əsrin axırlarında Ağa Məhəmməd şah Qacarın hücumu zamanı top atəşləri nəticəsində qala divarları dağılıb və İbrahimxəlil xanın göstərişi ilə şəhərin təhlükəsizliyini təmin etmək məqsədilə İrəvan darvazası hörülüb. Təəssüf ki, son vaxtlar bəzi mənbələrdə qalanın Xəlfəli və Mıxətər darvazaları olması barədə yanlış informasiyalar səslənir. Məsələ burasındadır ki, istər Xəlfəli, istərsə də Mıxətər darvaza deyil, qala divarının kiçik bir hissəsinin sökülməsi yolu ilə açılan keçəcəkdir. Sonralar ətraf kəndlərdən at və ulaqla gələn dükan-bazar alverçilərinin, xırda ticarətçilərin və ətraf kəndlərin sakinlərin uzaq yol qət etməməsi üçün həmin yolu açıblar. Əslində darvaza mühəndis, usta və bənnanın birgə əməyi ilə başa gələn tikinti obyekti və tarixi abidədir. Ona görə də qala divarlarının sökülməsi hesabına açılan xırda yolları heç cür darvaza kimi qələmə vermək olmaz. Sonralar İrəvan darvazasının nişanələri dağılıb getdiyindən indiyədək Şuşa qalasının bir darvazası qalıb".


Etiketlər:  Şuşa qalasının neçə darvazası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ