Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycandakı məmur özbaşınalığının arxasında məmurların özləri dayanır''

''Azərbaycandakı məmur özbaşınalığının arxasında məmurların özləri dayanır''

Tarix: 3 Fevral 2021 17:36

"Prezident İlham Əliyev növbəti dəfə Azərbaycan cəmiyyətinə, sıravi insanlara beynəlxalq dairələrə və Azərbaycanın iri ranqlı məmurlarına çox maraqlı mesajlar verdi. Bu mesajlar müəyyən hallarda ifşaedicidir, müəyyən hallarda tərbiyə formalaşdırıcıdır, müəyyən hallarda cəmiyyətə yönəlik optimist baxışların daha da güclənməsinə təsir göstərən gücə malikdir".

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Prezident İlham Əliyevin Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsini şərh edərkən deyib.

Ekspert deyib ki, Azərbaycandakı məmur özbaşınalığının, məmur neqativliklərinin arxasında dayanan yalnız məmurların özləridir:

"Prezidentin xüsusilə də yüksək ranqlı məmurların fəaliyyəti ilə bağlı dedikləri çox maraqlıdır. Həm bütünlüklə ölkəmizin məmur korpusuna, həm də məmur korpusunun fəaliyyətindən zaman-zaman öz narazılıqlarını ifadə etmiş ictimaiyyətimizə çox maraqlı təsir gücünə malikdir. Açıq deyək ki, məmurlarımızın fəaliyyəti ilə bağlı bir çox hallarda meydana çıxan faktlar Azərbaycan cəmiyyəti ilə hakimiyyət arasında münasibətlərdə müəyyən anlaşılmazlıq yarada bilir. Buna görə də Prezidentin iri ranqlı məmurlara belə sərt xəbərdarlığı ölkəmizdə cəmiyyət, hakimiyyət birliyinin daha da möhkəmləndirilməsi və hakimiyyətlə sıravi cəmiyyətimizin arasında daha sağlam və anlaşıqlı münasibətlərin yaranmasında böyük əhəmiyyətə malikdir. Prezidentin sərt də olsa bu mövqeyi bir daha Azərbaycan xalqına və dünyaya nümayiş etdirdi ki, Azərbaycandakı məmur özbaşınalığının, məmur neqativliklərinin arxasında dayanan yalnız və yalnız məmurlardır. Məmurların özlərindən yuxarıda özlərindən başqa bu cür əməllərə heç bir dəstək yoxdur. Prezidentin sərt mesajı ölkədə məmurların özbaşınalığının və valyuntarist davranışına qarşı bundan sonra da daha amansız və barışmaz mübarizənin gedəcəyini göstərdi. 

Bu mesajlar həm də ona görə qiymətlidir ki, iri məmurların müəyyən layihələrin həyata keçirilməsi və müəyyən təşəbbüslərlə çıxış edilməsində öz şəxsi maraqlarını güya ictimai və dövlət marağının içərisində bükərək təqdim etməsi praktikasına son qoyulacağını göstərir".

A.Quliyev deyib ki, Prezidentin məmurlara tutduğu bu irad Azərbaycan cəmiyyətinin, sadə insanların ürəyindən xəbər verdi:

"Açıq deyək ki, indiyə qədər, xüsusilə də iri ranqlı məmurlar dəfələrlə olub ki, özlərinin şəxsi maraqları və yaxud da şəxsi zövqü çərçivəsində olan hər hansı bir işi, layihəni dövlət və ictimai maraqlar adı altında təqdim edərək bunun arxasında müəyyən işlər görüblər. Ancaq Prezident bir daha onları başa saldı ki, məmurların öz şəxsi maraqlarını, zövqlərini ictimai mənafelərə bükərək cəmiyyətə təqdim etmək praktikası artıq keçmişdə qaldı və bu kimi şeylərə son qoyulur. Prezident məmurlara bir daha nümayiş etdirdi ki, Azərbaycanın işğaldan azad edilmiş rayonlarında ölkənin suveren hüquqlarının bərpası, suveren dövlət təşkilatlarının müəyyən strukturlarının yaradılması, sosial-iqtisadi bərpa, rifah halının təmin olunması, bir sözlə azad edilmiş rayonların Azərbaycanın qalan hissəsi ilə tam şəkildə uyğunlaşdırılması prosesi kimliyindən asılı olmayaraq ayrı-ayrı məmurların şəxsi subyektiv mülahizələri, baxışları əsasında yox, vahid dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçiriləcək. Vahid dövlət siyasətinin isə tərkib hissəsi yalnız o halda nəticə verə bilər ki, burada Prezidentin müstəsna iradəsi əsas götürülsün. Yoxsa, Prezidentin özünün dediyi kimi, hər hansı bir məmurun qaldırdığı təşəbbüs və yaxud da ki, dolayı yolla ortaya gətirdiyi müəyyən bir layihə icra üçün əsas götürüləcəksə əlbəttə, biz onda işğaldan azad edilmiş ərazilərdə də vəziyyəti Azərbaycanın başqa bölgələrindəki keçmişdə rast gəldiyimiz neqativlərlə oxşarlıqlar görəcəyik. Bunu da etiraf edək ki, bizim başqa bölgələrimizdə məhz iri məmurların şəxsi zövqünə, baxışlarına və mənafeyinə uyğun olaraq atılan addımlar zaman-zaman öz neqativ nəticələrini verib. Cəmiyyət də bundan narazı qalıb və nəticəsi də əcaib formalarda üzə çıxıb. Ona görə Prezidentin Şuşa barədə və digər azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin məmur zövqü əsasında yox, vahid dövlət siyasətinin tərkib hissəsi kimi aparılması ilə bağlı növqeyi çox əhəmiyyətlidir, dövlət və ictimia mənafelərə uyğun gəlir.

Mən əminəm ki, Prezidentin iri məmurlara tutduğu bu irad Azərbaycan cəmiyyətinin, sadə insanların ürəyindən xəbər verdi. Həm də bu bizim dövlətimiz üçün çox prinsipial, strateji əhəmiyyətli məsələdir. Çünki burada söhbət dövlətin apardığı siyasətə cəmiyyətin əsas hissəsinin dəstək verməyindən gedir. Dövlətin siyasəti isə məmur mənafelərini yox, cəmiyyətin əsas və aparıcı hissəsinin mənafelərinə və baxışlarına söykənməlidir".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycandakı məmur özbaşınalığının arxasında məmurların özləri dayanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ