Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 21:12
Beyinin problemlərindən biri də normal təzyiqli hidrosefaliyadır. Ən çox yaşlı insanlarda rast gəlinən bu xəstəlik bir çox səbəblərdən yaranır. e-tibb.az həkim-nerocərrah Vüqar Mirzəliyevin normal təzyiqli hidrosefaliya xəstəliyi barədə fikirlərini təqdim edir:
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, beyin və onurğa beyni boşluqlarında dövr edən mayeyə beyin onurğa beyni mayesi (BOM) deyilir. BOM beyindəki mədəciklərdə əmələ gəlir. BOM gündə 3-5 dəfə yaranır və sorulur. BOM-nin vəzifəsi beyinə fiziki dəstək olmaq, artıq maddələrin atılması və sinir sistemi içərisində əhəmiyyətli maddələrin yayılmasıdır. Hər hansı səbəblə beyində BOM yığılmasına hidrosefaliya deyilir. Axın yolu tıxandıqda və ya geri sorulmada bir problem olduğu zaman beyindəki mədəciklərdə yığılan BOM, təzyiqi artıraraq beyni sıxışdıraraq kəllədaxili təzyiqi artırır.
Necə yaranır?
Yaşlanan insanda dəri və digər orqanlar kimi beynində büzüşüb kiçilməsiylə kəllə içərisində yaranan boşluqları BOM doldurur. Ancaq bu hal kəllədaxili təzyiqin artışına səbəb olmaz. Bu səbəblə bu vəziyyət "Normal təzyiqli hidrosefaliya" olaraq adlandırılır.
Kəllə travması, illər öncə keçirilmiş beyin qanaması, şiş və ya kistlaların əməliyyatı zamanı görülən qanamalar, tıxayıcı beyin damar xəstəlikləri, meningit, digər beyin infeksiyaları nəticəsində əmələ gələ bilər.
Xəstəliyin üç tipik əlaməti var. Əlamətlər adətən bu sırayla ortaya çıxır:
1) Yerişin pozulması; Addımlar qısa və yavaşdır. Xəstələr ayaqlarını qaldırmaqda, pilləkən çıxmaqda çətinlik çəkirlər. Ətraflarında dönmələrində də çətinlik olur. Yavaş və çox addımla yeriyirlər. Müvazinət problemi və yerimə zamanı olan çətinlik ilk və ən sıx müşahidə olunan şikayətdir.
2) Yaddaş problemi (Xüsusilə yaxın zaman yaddaşı); Günlük aktivliklərə qarşı marağın azalması və yaxın zamana aid yaddaşın itməsi görülür. Xəstə illər öncəni dəqiq xatırlasa da, yaxın zamanda baş verən hadisələri xatirlamaqda çətinlik çəkir, qarışdırır. Normal təzyiqli hidrosefaliya xəstələrində görülən əlamətlər çox şiddətli olmadığı üçün normal yaşlanma əlamətləri sayılır və diqqətdən yayınır. Xəstələr özlərində olan problemlərin fərqində olmurlar və qəbullanmaq istəmirlər.
3) Sidik qaçırma: sidik kisəsinin kontrolunda pozulmalar yaşana bilər. Bəzi xəstələrdə sıx tualetə getmə olaraq görülür, bəzilərində isə sidik kisəsinin kontrolu tamamən pozulur. Sidiyi heç hiss etmədən qaçırır.