Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 11:18
Suraxanı Rayon Polis İdarəsindəki yoxlamalardan sonra daha bir vəzifəli şəxs işdən çıxarılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Suraxanı Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini, polis polkovniki İbrahim İsmayılov sərəncama götürülüb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi dünən Suraxanı Rayon Polis İdarəsində xidməti fəaliyyətdə yol verdiyi nöqsanlara görə idarənin və onun tabeliyində olan bölmələrin bir neçə əməkdaşının tutduğu vəzifədən aşağı vəzifəyə keçirildiyini, bir qrup əməkdaşa digər intizam tənbehləri verildiyini, daha bir qisminin xidmət yeri bərabər vəzifəyə dəyişdirildiyini açıqlamışdı.
Xatırladaq ki, ötən ilin noyabrında nazirin əmri ilə Suraxanı RPİ rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub. Bir ay sonra isə Quba rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov Suraxanıya rəis təyin edilib.