Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2021 18:16
Türkiyədə aparılan tədqiqatların nəticələrinə görə, yeni növ koronavirusa (COVID-19) qarşı tətbiq edilən Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronoVAC" vaksininin effektivliyi 92 faizdir. Azərbaycanda istifadə edilən bu peyvənd COVID-19-a qarşı anticisimlərin və immun hüceyrələrinin formalaşmasına kömək edir. Mütəxəssislər bildirirlər ki, hazırda Türkiyə ilə bərabər dünyanın bir neçə ölkəsində vaksinin effektivliyi yoxlanılıb və fərqli nəticələr ortaya çıxıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Telman Aytayev deyib: "Dünyada bu peyvəndi tətbiq edən üç ölkə var. Onlardan gələn nəticələr fərqlidir. Braziliyadan gələn nəticələr 50-50,8, İndoneziyadan gələn nəticələr isə 60-70 faiz arasındadır. Türkiyədən gələn nəticələrə görə vaksinin qoruyuculuğu 90 faizdən yüksəkdir".
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, Azərbaycanda istifadə edilən vaksinin yaratdığı immunitetin minimum müddəti bir ildir. Peyvəndin maksimum müddəti isə hələ təsdiqlənməyib. Tədqiqatlar zamanı peyvəndin təhlükəli təsirləri aşkarlanmayıb.
Hazırda aparılan araşdırmalar ikinci mərhələni əhatə edir və ölkəyə gətirilən vaksinlərlə əlaqədar göstəricilər müsbət dəyərləndirilir. Mütəxəssislər onu da qeyd edirlər ki, vaksinlərlə bərabər hər kəs "üç qızıl qayda"ya - maska taxmaq, əl gigiyenası və sosial məsafənin gözlənilməsinə ciddi şəkildə əməl etməlidir.