Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2019 14:28
Bakı. Trend:
21-25 aprel tarixlərində Kazan şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu Bakı Mərkəzi) və Tatarıstan hökumətinin birgə təşkilatçılığı ilə İƏT gənc iş adamlarının 5-ci forumu keçirilib.
İƏT-dən Trend-ə verilən məlumata görə, forum 11-ci “Rusiya-İslam Dünyası” Biznes Forumunun rəsmi tədbiri kimi baş təşkil olunub.
Forumun sonuncu günündə tədbirin təntənəli bağlanış mərasimində Tatarıstan prezidenti Rüstəm Minnixanovun, Malayziyanın sahibkarlıq naziri Mohd Redzuan Yusufun və İslam Əməkdaşlıq Gənclər Forumunun (İƏGF) sədri Taha Ayhanın iştirak etdiyi mərasimdə müsəlman ölkələrindən qalib startap müəlliflərinin seçimi baş tutub.
Mərasimdə forumun həmtəşkilatçısı qismində çıxış edən İƏT Gənclər Forumu ARM-nin baş direktoru Elməddin Mehdiyev forumun yüksək səviyyədə keçirildiyinə görə Tatarıstan Prezidenti və hökumətinə dərin təşəkkürünü bildirib, eləcə də 5-ci dəfə keçirilən foruma bu günədək 9 mindən artıq startap layihəsinin təqdim olunduğunu, onlardan 600-dan yuxarı startapçıya təlimlər verildiyini, bu layihələr çərçivəsində investisiya proqramlarında 200-dən çox startap komandasının və 500-ə yaxın gənc iş adamının iştirak etdiyini qeyd edib.
Qeyd etmək lazımdır ki, bu tədbirdə İƏT üzv ölkələrindən olan 500-ə yaxın gənc iş adamının müraciətləri əsasında seçilmiş 25 ölkəni təmsil edən 50-dən çox iştirakçı və 35 startap komandası 5 gün ərzində keçirilən təlimlərdə iştirak ediblər.
Tədbir çərçivəsində İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Britanıya Birliyi (Commowealth) Gəncliyi Şurası və Tatarıstanın aparıcı gənclər hərəkatı olan “Sələt” arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Tədbirlər çərçivəsində, həmçinin İƏT Gənclər Forumu ARM-nin baş direktoru Elməddin Mehdiyev və Tatarıstanın gənclər naziri Dəmir Fəttahovla keçirilən görüşdə gələcək əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Görüşdə, həmçinin Tatarıstan Gənclər Nazirinin müavini Timur Suleymanov və İƏT Gənclər Forumu ARM İdarə Heyətinin üzvü, Tatarstanın “Sələt” Gənclər Hərəkatının sədri Aygül Qabdrəhmanova iştirak ediblər.
Qeyd etmək lazımdır ki, İƏT Gənc İş Adamları Şəbəkəsi 2011-ci ildə İƏT Gənclər Forumunun təşəbbüsü ilə Bakı şəhərində təsis edilib. Qurumun əsas məqsədi İƏT ərazisində gənc iş adamlarının fəaliyyətinə dəstək göstərmək, onların geniş və əməli koordinasiyanı həyata keçirməkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin