Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 07:42
Həyatında heç bir zaman baş ağrısı hiss etməyən adama yəqin ki, rast gəlmək mümkün deyil. Əksər hallarda biz bu ağrıları "miqren" adlandırsaq da, bu heç də belə deyil.
Miqren - ciddi xroniki xəstəlikdir. "Miqren" diaqnozu yalnız həkim tərəfindən müəyyən edilir. Buna baxmayaraq, bəzi əlamətlərə görə də, insan özündə bu xəstəliyin olmasından şübhələnə bilər. Belə şübhələr yaranan kimi isə, tez bir zamanda həkim-nevropatoloqa müraciət etmək lazımdır.
Miqren - güclü və uzun sürən baş ağrılarıdır. Ağrı bir göz və onun ətrafından başlayaraq tez bir zamanda əksər hallarda başın bir yarısına, nadir hallarda isə hər iki yarısına yayılır. Ağrı pulsasiya (nəbz vurğuları kimi) xarakterli olur. Ətraflar soyuyaraq avazımış olur. Parlaq işıq, kəskin yüksək səslər ağrını artırır. Miqren tutması zamanı tez-tez ürəkbulanma və qusma da baş veriri.
Tutma zamanı bəzi hallarda xəstədə görmənin ikiləşməsi, gözlərinin qarşısında yanıb-sönən işıqların, ziqzaq (əyri-üyrü) şəkilli xətlər və ya qığılcımların olması kimi şikayətlər də olur. Miqren tutması zamanı ağrı o qədər güclü olur ki, onların olması səbəbindən insanın işləməsi və ya evdə nə isə bir iş görməsi belə, mümkün olmur. Ağrı sözün əsl mənasında insanı yatağa "zəncirləmiş" olur. Ayağa qalxmaq, otaqda gəzmək, hər hansı bir istənilən işin yerinə yetirilməsinə edilən kiçik bir cəhd ağrını daha da artırır. Miqren tutması zamanı arterial təzyiqin artması adətən müşahidə edilmir.
Bəzi xəstələr miqren tutmasından bir qədər (0,5-1 saat) əvvəl aura adlandırılan müəyyən bir əlamətlər (gözlərinin qarşısında müxtəlif yanıb-sönən işıqlar və rəngli ləkələrin əmələ gəlməsi, əllərində zəiflik və titrəmə) hiss edirlər.
Miqren tutması 4 saatdan 72 saata qədər davam edə bilər. Bəzi insanlarda bu tutmalar ay əzində 2-3 dəfə, digərlərində isə ildə 1 dəfə baş verir. Miqren tutmaları istənilən yaşdan başlaya bilər. Ancaq əksər hallarda onlar, 20-30 yaşlarında başlayaraq 50 yaşından sonra keçib gedirlər.
Miqren əsasən qadın xəstəliyi hesab olunur. Qadınlarda bu xəstəlik kişilərə nisbətən bir neçə dəfə çox təsadüf edilir.
Həkimlərin müşahidələrinə görə miqrendən əziyyət çəkənlər üçün bir sıra ümumi xisusiyyətlər vardır: streslərə qarşı dözümlülüyün zəif olması, həyəcanlılq, tez hirslənmək, depressiyalara və əhvalın dəyişməsinə meyillilik.
Həkimlər miqrenin inkişaf etməsinin səbəblərini indiyə qədər müəyyən edə bilməyiblər. Bunun hormonal sfera və immunitetlə əlaqəli olmasına "şübhə" olsa da, sübüt olunmuş nəticələr hələ ki, əldə edilməmişdir. O da məlumdur ki, miqren irsi xarakter daşıyır, yəni sizin valideyinlərinizdən biri bu xəstəlikdən əziyyət çəkirsə, çox yəqin ki, siz də bu xəstəliyi irsi olaraq onlardan "alacaqsınız". Əksər hallarda miqren tutmasını streslər, kəskin emosional həyəcanlanmalar və sarsıntılar törədir (provakasiya edir). Həmçinin, miqren tutması bilavasitə stres zamanı deyil, ondan xeyli saatlar keçdikdən sonra başlayır.
Miqren tutmasını törədən ("provakasiya edən") 2-ci dərəcəli səbəblər:
- parlaq işıq və ya güclü səs, kəskin iylər;
- havanın kəskin şəkildə dəyişilməsi, maqnit fırtınası;
- qadınlarda hormonal dəyişikliklər (aybaşı, hamiləlik, menopauza);
- yuxunun kifayət qədər olmaması;
- güclü fiziki və əqli gərginliklər;
- uzun müddət nəqliyyatda hərəkət etmək, təyyarə ilə uçuş;
- aclıq;
- bəzi qida növləri (şokolad, kakao, qoz-fındıq məhsulları, sitrus mevələri, paxlalı bitkilər, pomidor, kərəviz, pendirlər), alkoqol (xüsusən də qırmızı çaxır, şampan şərabı, pivə), kofein və bəzi dərman preparatları (məsələn, arterial təzyiqi aşağı salan dərmanlar, hamiləliyin qarşısını alan hormonal kontraseptivlər və s.)
Buna görə də, miqrendən əziyyət çəkən adamlar profilaktik məqsədlə, onlarda tutmanın başlamasını törədən faktoru müəyyən etmək üçün çox diqqətli olmalı və hər zaman həmin faktorlardan mümkün qədər uzaq olmalıdırlar. Belə adamlar kifayət qədər yatmalı, istirahət etməli, vaxtlı-vaxdında olmaqla düzgün qidalanmalıdırlar. Ümumiyyətlə götürüldükdə isə onlar tam sağlam həyat tərzi sürməli, bədən tərbiyəsi, üzgüçülük, uzun müddət ərzində açıq havada gəzməli və digər bu kimi sağlamlaşdırıcı üsullardan istifadə etməlidirlər.