Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir Rəşad Nəbiyev NRYTN-in Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb

Nazir Rəşad Nəbiyev NRYTN-in Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb

Tarix: 5 Mart 2021 09:51

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb. Paytaxtda olmayan əməkdaşlar görüşə videoformatda qoşulublar.

 

Əvvəlcə döyüşlərdə şəhid olan hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Nazir torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmiş əməkdaşları evlərinə, işlərinə sağ-salamat qayıtmaları münasibətilə təbrik edib. Rəşad Nəbiyev bildirib ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi: "Torpaqlarımız işğaldan azad olundu. Məhz Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində regionda yeni hərbi-siyasi reallıq formalaşdı. Biz böyük tarixi qələbə qazandıq".

 

Heç bir qələbənin asanlıqla əldə olunmadığını deyən nazir torpaqlarımızın düşmən əsarətindən qəhrəman hərbçilərimizin qanları, canları bahasına azad edildiyini diqqətə çatdırıb.

 

Rəşad Nəbiyev Vətən uğrunda gedən döyüşlərdə nazirliyin 210 əməkdaşının iştirak etdiyini, onlardan 6-nın şəhidlik zirvəsinə ucaldığını söyləyib. Həmçinin müharibədə ailə üzvlərini itirən əməkdaşların olduğunu vurğulayıb.

 

Döyüşlərdə yaralanan əməkdaşlara şəfa diləyən nazir onların sağlam həyata qayıtmaları üçün lazımi diqqət və qayğı ilə əhatə olunacaqlarını deyib: "Siz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu vicdanla yerinə yetirmisiniz. Sizə olan etimadı doğrultmusunuz. Dövlətimiz və xalqımız daim sizin yanınızdadır. Adlarınız Azərbaycan tarixinə qəhrəman kimi düşdü. Siz gənclərimiz üçün ən gözəl örnəksiniz".

 

Döyüşlərdə fərqlənən əməkdaşların müxtəlif dövlət təltiflərinə layiq görüldüyünü və kollektivin onlarla qürur duyduğunu bildirən nazir Rəşad Nəbiyev çıxışını bu sözlərlə bitirib: "Qarabağ Azərbaycandır! Yaşasın Ali Baş Komandanımız! Yaşasın Azərbaycan əsgəri!"

 

Görüş zamanı müharibə iştirakçıları öz döyüş xatirələrini bölüşüblər. Bundan sonra da Vətənin azadlığı və suverenliyi uğrunda istənilən an vuruşmağa hazır olduqlarını bildiriblər.

 

Sonda nazir Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində iştirak etmiş əməkdaşlara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəkkürnamələrini təqdim edib.

 

 




Etiketlər:  Nazir Rəşad Nəbiyev NRYTN Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ