Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2021 16:36
"Əfv Sərəncamı Azərbaycanda hüququn aliliyi, hüquq normalarının tətbiqinin humanizm prinsipləri nəzərə alınmaqla həyata keçirildiyinə dair növbəti bir nümunədir".
Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Ekspert bildirib ki, Azərbaycanda ümumi humanizm və hüquq normaları çərçivəsində yanaşmanın şahidi oluruq:
"Geniş əfv siyahısıdır. Əfv institutunun Azərbaycanda fəaliyyətinin artıq fasiləsiz və sistemli şəkildə tətbiq olunduğunu görürük. Eyni zamanda həm cəzaların müəyyən olunması tətbiqi, həm də cəzaların icrası zamanı əfv institutunun tətbiqində biz humanist prinsiplərin ciddi şəkildə nəzərə alındığını görürük. Bu dəfəki əfv sərəncamı tərkibcə çox geniş olmaqla, sayca daha çox insanların taleyini əhatə edir. Bütün bunlar Azərbaycanda əfv institutunun bir hüquq institutu kimi formalaşdığını, işlədiyini, eyni zamanda onun humanizm prinsipləri çərçivəsində tətbiq olunduğunu göstərir. Digər tərəfdən bu əfvin də əvvəlkilər kimi təkzib olunmayan xüsusiyyətlərindən biri onun siyasi motivlərdən və siyasi yanaşmalardan çox uzaq olaraq tətbiq olunmasından ibarətdir.
Hər kəs gördü ki, burada vaxı ilə Nardaran hadisələrinə görə həbs olunanlar, İslam Partiyasının çevrəsində olanlar, Gəncə hadisələrinə görə həbs olunanlar, müxtəlif hüquq müdafiə təşkilatlarının adlarını siyasi məhbus kimi hallandırdığı adamlar, bir sözlə ən müxtəlif siyasi politranın təmsilçiləri olsalar da, amma onların hamısına ümumi humanizm və hüquq normaları çərçivəsində yanaşmanın şahidi oluruq. Yəni onlar haradasa siyasi baxışlarına görə həbs olunmadıqları kimi, siyasi baxışlara və siyasi mənsubiyyətə görə də əfv olunmayıblar. Sadəcə əfv institutunun müəyyən olunmuş prinsipial normalarına uyğun olaraq onların adları əfv siyahısında əks olunub.
Bu əfv sərəncamı Azərbaycanda humanizmin, hüquqi aktların, hüquq normativlərinin prinsipial şəkildə işlədiyini nümayiş etdirməklə yanaşı, ölkədə milli həmrəyliyin yeni bir mərhələsinin başlandığını əyani şəkildə göstərir. Əgər burada əfv olunan insanların hər hansı bir siyasi mənsubiyyəti və yaxud da ki, başqa xüsusiyyətləri nəzərə alınmadan əfv sərəncamının altına düşüblərsə bu, ölkədə ümumilli həmrəyliyin yeni mərhələsinin bariz nümunəsi sayıla bilər.
Bu sərəncam eyni zamanda bəzi siyasi qüvvələrin siyasi yanaşmalarının nə qədər perespektivsiz olduğunu da nümayiş etdirir. Bununla yanaşı bəzi təşkilatların Azərbaycandakı "siyasi məhbus" deyilən insanların ətrafında müəyyən manipulyasiyalar cəhdlərinin də qarşısını almaqda öz təsirini göstərir. Bu əfv sərəncamı həm humansit prinsiplərin nümayişi, həm hüquq institutunun sistemli olaraq fəaliyyət göstərdiyini, həm də Azərbaycanda dövlətin atdığı bütün addımlarında milli barışıq amallarının əsas və önəmli olduğunu nümayiş etdirdi".
Təhməz Əsədov