Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 20:16
Dünyanın ən geniş yayılmış COVID-19 peyvəndi haqda məlumatlar yenidən xəbərlərdə geniş yer alıb, lakin yaxşı tərəfdən deyil.
AstraZeneca şirkətinin klinik araşdırmanın nəticələrini şişirdilmiş dərəcədə müsbət göstərməsi bu həftə ABŞ rəsmilərinin qınağına səbəb olub.
Rəsmilər ümumiyyətlə bu peyvəndə etimadlarını ifadə etsələr də, bu, pandemiyaya son qoymaq üçün mühüm bir vasitə olan bu vaksinlə bağlı atılan ən son səhv addımdır.
AstraZeneca peyvəndi aşağı gəlirli ölkələrin immunizasiya edilməsi üçün qlobal səylərin əsasını təşkil edir. Mütəxəssislər vaksinin öz imicinə vurduğu ziyan, təhlükəsizliyi ilə bağlı sübut olunmayan narahatlıqlar və effektivliyi ilə bağlı məyusedici amma məhdud nəticələrinin əldə edilməsindən sonra peyvəndə etimadın lazımsız yerə azaldığından narahatdırlar.
Bazar ertəsi şirkət peyvəndin COVID-19 əlamətlərinin qarşısını almağa qarşı 79, ağır xəstəliklərə və xəstəxanaya yerləşdirilməyə qarşı 100 faiz təsirli olduğunu bildirib. Bu nəticələr ABŞ, Peru və Çilidə 32,000-dən çox insanın iştirak etdiyi klinik bir sınaqdan sonra əldə edilib.
Lakin həmin gecə Müstəqil Nəzarət Şurası klinik sınaqların nəticələri ilə bağlı həyəcan siqnalı verib. Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutundan (NIAID) verilən açıqlamaya görə, şirkətin peyvəndin effektivliyinə dair "köhnəlmiş məlumatlardan" istifadə etdiyini və "natamam" məlumat verdiyini bildirib.
Məlumatı Müstəqil Nəzarət Şurasından alan Washington Post qəzetinin bildirdiyinə görə, son vəziyyət nəzərə alınarsa, peyvəndin effektivliyi 69-75 faiz arasında dəyişir.
Entoni Fauçi çərşənbə günü jurnalistlərə açıqlamasında bunların hələ də güclü nəticələr olduğunu deyib. "Günün sonunda, məlumatlara nəzər saldığınız zaman bunun yaxşı bir peyvənd olduğu ortaya çıxacaq" - deyə, o bildirib.
Lakin Fauçi şəffaflığın olmamasının peyvəndə olan inamı zəiflədə biləcəyini etiraf edib.