Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 85 min şagird məktəbə ayaq qoymadan MƏZUN OLACAQ

Azərbaycanda 85 min şagird məktəbə ayaq qoymadan MƏZUN OLACAQ

Tarix: 30 Mart 2021 10:40

"Bu il orta məktəbi bitirən 11-ci sinif şagirdləri tarixi an yaşayacaqlar. Belə ki, onlar məktəbə getmədən mərtəbdən məzun olacaqlar". 

Bunu Sonxeber.net-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, 15 apreldən məktəbə ayaq qoymayan, getməyən şagirdlər məktəbi bitirmək üçün buraxılış imtahanı verəcəklər:

"Belə şagirdlərin sayı 85 min nəfərdir. Əslində bu, əvvəlki dövrdə bir çox məktəbdə qeyri rəsmi də olsa, belə idi. Yəni şagirdlərin valideyni direktorla "razılıq" əldə edirdi və şagird məktəbə ancaq KSQ (Kiçik summativ qiymətləndirmə), BSQ (Böyük Summativ qiymətləndirmə) yazmaq lazım olanda gedirdi. Özü Bakıda oxuyub adı rayon, məcburi köçkün məktəbində gedən şagirdlər var idi ki, onlar ümumiyyətlə getmirdilər. Amma pandemiya dövründə məktəb olmadığı üçün 1 ildir bu proses dayanıb. COVID-19 həm də bəzi direktorların gəlirinə ciddi şəkildə təsir göstərib. Düzdür, indi də müəyyən məlumatlar var ki, onlayn-distant dərslərdə iştirak etməməsi üçün "razılıq" tələb edənlər var, amma kütləvi deyil. 

Mən başqa bir məsələni qeyd etmək istəyirəm. Deməli, 15 apreldən məktəbə ayaq qoymayan, getməyən şagirdlər məktəbi bitirmək üçün buraxılış imtahanı verəcəklər. Niyə dərslər onlayn-distant qaydada keçirildiyi halda, imtahanı ənənəvi keçiririk? Mən də bilirəm ki, hamı deyəcək ki, köçürmə halları olacaq və ya hamının texniki imkanları yoxdur. Bunlar həll oluna bilən problemlərdir. 

İkincisi, 15 gün sonra məktəbə getmədən buraxılış imtahanı verəcəklər, amma elektron ərizə qəbulu başlamayıb. Düzdür, şagirdlərin şəxsi məlumatları məktəb tərəfindən sistemə daxil edilir, amma burada da problemlər var. 

Artıq aprel ayı başlayır, amma DİM hələ də elektron ərizə qəbulunu başlamayıb. Bu gecikmə şagirdlərin psixoloji gərginlik yaşamalarına gətirib çıxarır. 

Yeniyetmələr üçün qəbul imtahanı ilə bağlı ən kiçik detal belə həssas dövrlərində gərginliyə səbəb olur. Təəssüflər olsun ki, Təhsil Nazirliyi ümumiyyətlə bu proseslərdən kənardadır. Yəni qəbul və buraxılış imtahanı ilə bağlı hörmətli Təhsil Nazirliyi heç vaxt mövqeyini nümayiş etdirmir. 

Düzdür, deyirlər ki, DİM bizimlə razılaşdırılmış qaydada imtahanlar barədə qərar qəbul edir. Bu prosesləri bilən hər kəs bilir ki, DİM üçün Təhsil nazirliyinin təstiqi formal xarakter daşıyır. Yəni onsuz da Təhsil Nazirliyində bu prosesləri bilən yoxdur və hansı lahiyə təqdim edilsə, təstiq olunacaq. 

Qısası, bizi çətin dövr gözləyir. Məktəbə getməyənlərin nəticələri elan olunandan sonra bunun məktəbin adına, Təhsil Nazirliyinin fəaliyyətinə aid olmasından tutmuş, bunu öz uğurlu fəaliyyəti kimi təqdim edəcək İcra hakimiyyətlərinə qədər bir qurum bu proseslərdə şagirdləri ilə maraqlanmır. 
Ümid edirəm ki, DİM yaxın günlərdə elektron ərizə qəbuluna başlayacaq. Artıq ilk imtahana 15 gün qalıb. Əvvəlki illərin məzunlarının imtahan təsirləri martın sonunda elan olunacaq deyilmişdi, amma hələ də rəsmi məlumat yoxdur. Ola bilsin ki, hələ mart ayı tam sona çatmayıb, ona görə qalıb. 

Ümumiyyətlə, bu il həm Təhsil Nazirliyi həm də DİM şagirdlərin və abituriyentlərin talelərinə laqeyd münasibət göstərir".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanda şagird məktəbə ayaq qoymadan MƏZUN OLACAQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ