Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2021 17:30
"Ermənistanın son 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı törətdiyi vandalizm aktının müqabilində bütün mümkün səviyyələrdə Azərbaycan iddialar qaldırmalıdır".
Bunu Sonxeber.net-a açıqlamasında professor, konfliktologiya üzrə ekspert Elşad Məmmədov deyib.
Ekspert bildirib ki, Zəngəzurun Azərbaycana təzminat formasında qaytarılması mürəkkəb məsələdir:
"Azərbaycan son 30 ilə yaxın müddət ərzində ona vurulan ziyana görə Ermənistanı məsuliyyətə cəlb etməyə çalışmalıdır. Yəni, bütün istiqamətlər üzrə ölkəmiz bu məsələlərin həllinə çalışmalıdır ki, maksimum şəkildə Ermənistan tərəfi törətdiyi vəhşiliklərə, cinayətlərə görə cavab versin.
Eyni zamanda Zəngəzurun Azərbaycana bu təzminat formasında qaytarılması ilə bağlı olan məsələyə mən proqmatik yanaşmanın tərəfdarıyam. Yəni ki, obyektiv reallıqlar onu deməyə əsas verir ki, hansısa ərazilərin dünya ictimaiyyəti tərəfindən rəsmi halda hansısa ölkələrin əraziləri kimi tanındığı halda onların digər dövlətə ötürülməsi, digər dövlətə təzminat kimi verilməsi məsələləri olduqca mürəkkəb məsələdir".
E.Məmmədov deyib ki, Ermənistandan təzminat ödəməyini, Ermənistanın məsuliyyətə cəlb edilməsi məsələlərini tələb etməliyik:
"Aydın məsələdir ki, o ərazilərin tarixi Azərbaycan torpaqlarıdır. Bunların Azərbaycan torpaqları olması ilə bağlı heç bir obyektiv düşüncəli insanda şübhə ola bilməz. Lakin reallıq bundan ibarətdir ki, biz dövlət olaraq beynəlxalq müstəvidə tanınmış sərhədləri tanıyırıq. Bizim elə Ermənistandan fərqimiz də ondan ibarətdir ki, biz beynəlxalq hüquq normalarına hörmət edən dövlətik, xalqıq. İnanıram ki, erməni xalqı da bu xülyalardan uzaqlaşaraq digər dövlətlərin sərhədlərini beynəlxalq hüquq normaları çərçivəsində tanıyacaq və bu nöqteyi nəzərdən sözsüz ki, Ermənistandan təzminat, Ermənistanın məsuliyyətə cəlb edilməsi məsələləri tələb olunmalıdır. Biz sözsüz ki, Ermənistanın tam şəkildə məsuliyyətə cəlb olunmasına da maksimum şəkildə çalışmalıyıq ki, nail olaq. Lakin torpaqların təzminat şəklində Azərbaycana verilməsini ən azından yaxın müddətli perspektivdə real hesab etmirəm".
Təhməz Əsədov