Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 18:09
"Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında 2019-cu ildən üzərinə götürdüyü sədrliyi dövründə təşkilatın işinin məhsuldar olmasını təmin edib. Şuraya üzv ölkələr, demək olar ki, bütün qlobal və regional əhəmiyyətli məsələlərdə oxşar mövqe sərgiləyir, siyasi, iqtisadi və humanitar əməkdaşlığın irəliyə aparılmasında həmrəydirlər". Sonxeber.net bildirir ki, bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qələbəsinə bir çox ölkələrdən dəstək gəldi: "BMT nimzamnaməsinə uyğun olaraq Təlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni rəhbər tutaraq Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi əksər ölkələr tərəfindən haqlı sayıldı, Azərbaycanın hüquqi çərçivədə apardığı haqq işi ümumilikdə təqdir olundu. Türkdilli dövlətlər Azərbaycanın ərazi bütövlüyünə və ədalətli mövqeyinə güclü dəstək nümayiş etdirdilər. Əlbəttə burada, qardaş Türkiyənin ölkəmizə göstərdiyi mənəvi və siyasi dəstəyi xüsusi vurğulamaq lazımdır. "Azərbaycan yalnız deyil, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq" söyləməklə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan eyni zamanda bütün dünyaya vacib mesajlar verdi".
Deputat bildirib ki, ümumilikdə Azərbaycanın Şurada çox məhsuldar fəaliyyəti var, Türkdilli dövlətlərlə əməkdaşlıq çərçivəsində effektiv iqtisadi formatların yaradılmasına nail olub: "İlk dəfə Azərbaycan bütün dünyada məhz Türkdilli dövlətlərin başçılarının videokonfrans vasitəsilə görüşünün keçirib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən görüşdə pandemiya ilə mübarizədə həmrəylik və birgə həll yollarının axtarıb tapılması müzakirə olunub. Prezident İlham Əliyevin bu kimi təşəbbüsləri çox yüksək dəyərləndirilir, Türkdilli dövlətləri tərfindən Azərbaycandan göstərilən yardım və dəstəyə görə dəfələrlə ölkəmizin Prezidentinə xüsusi təşəkkür ifadə edilib".
S.Mikayılova vurğulayıb ki,Azərbaycan tarixi zəfər çalıb və ərazi bütövlüyünü bərpa edib: "Bundan sonra biz yalnız geniş formatda iqtisadi əmədaşlıqdan danışa bilərik. Düşünürəm ki, bundan sonra da Türkdilli ölkələr Azərbaycanın bu zəfərinə dəstək verəcək, dost ölkələr olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində öz töhfələrini verəcəklər".