Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Hökm olmadan Nəcməddin Sadıkov haqda xain, agent deyə bilmərik”

“Hökm olmadan Nəcməddin Sadıkov haqda xain, agent deyə bilmərik”

Tarix: 7 Aprel 2021 16:44

"Nəcməddin Sadıkov baş leytenant olandan Qarabağ döyüşlərində iştirak edib. Məhkəmə hökmü olmadan onun haqqında xain, agent olması ilə bağlı heç bir şey deyə bilmərik.

Rövşən Əkbərov döyüşlərin hamısından çıxıb. Nədirsə qərarı dövlət, hakimiyyət verə bilər. Mən həbs olunanlardan təkcə Rövşən Əkbərov haqqında danışa bilərəm, mənim döyüş yoldaşım olub. O kişi döyüşüb, Milli qəhrəman olub. Ədalət naminə danışmaq lazımdır".  

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri "Müsavat TV"nin canlı efirində deputat Siyavuş Novruzov deyib. 

Onun sözlərinə görə, ordu haqqında hər şeyi danışmaq olmaz. Orada müəyyən çatışmazlıqlar ola bilər: "Mən özüm də Qarabağ müharibəsi veteranıyam. Olub ki, 3 gün helikopter gözləmişik ki, qara çörək gətirsinlər. İndi bir az yağ az olan kimi əsgər anasına zəng edir. Həbs olunanlara gəlincə isə, kimisə həbs edirlərsə, həbs olunmalıdır. Xalqa əziyyət verirsə, xalqı dövlətdən narazı salırsa, bunun başqa yolu yoxdur". 

S. Novruzov həmçinin hazırda vəzifədə olan nazirlər haqqında da danışıb: "İstənilən nazir haqqında sizə məlumat verə bilərəm ki, hansı yolları keçib. Dövlət vəzifəyə elə-belə təyin eləmir. Məsələn, Vilayət Eyvazov "serjant"lıqdan başlayıb bu rütbəyə çatıb. Gecəsi-gündüzü olmayıb, mübarizə aparıb, indi daxili işlər naziridir. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev birinci gündən o sahədə çalışıb. Təmiz adamdır, Birinci və İkinci Qarabağ müharibəsində onun əməyi əvəzolunmazdır. Təhsil naziri oxuyub, güclə pul yığıb xaricdə təhsil alıb.

Tanımadan, bilmədən əgər nazir qoyublarsa onu söymək lazımdır? Elə deyil. Sahil Babayev Milli Məclisdə referentdən başlayıb o vəzifəyə çatıb. Müdafiə naziri addıma-addım, soğan-çörək yeyərək o vəzifəyə çıxıb. Əhmədzadə 30 il su təsərrüfatına baxıb. O bu sahəni əzbər bilir".

Milli.Az


Etiketlər:  Hökm olmadan Nəcməddin Sadıkov haqda xain agent deyə bilmərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ