Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2021 09:30
“Sony” şirkəti yeni nəsil oyun konsollarının satış həcminə görə rekorda imza atıb. Bu barədə şirkətin saytında dərc edilən maliyyə hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, dördüncü rüb və ötən maliyyə ili üçün hesabata görə, qabaqcıl “PlayStation 5” modeli qaneedici satış nümayiş etdirir. Konsol satışa çıxarıldıqdan sonra Yaponiya korporasiyası bazara 7,8 milyon ədəd “PS5” qurğusu tədarük edib. Bu, analoji dövrdə satılan “PlayStation 4” qurğusundan təxminən 200 min çoxdur. 2021-ci ilin yanvar-martında şirkət 3,3 milyon ədəd qurğu satıb. “PS4” və “PS5” qurğularının satışına müvafiq olaraq 2013 və 2020-ci illərin noyabrında başlanılıb.
Həmçinin hesabatda qeyd olunur ki, “PlayStation” bölməsinin ümumi əməliyyat gəliri 342,2 milyard yen (3,14 milyard dollar) təşkil edib. Bu, şirkət üçün rekord göstəricidir.
“Sony” tərəfindən təqdim edilən sənədlərdə vurğulanır ki, hazırda “PlayStation Plus” abunəçilərinin sayı 47,6 milyon nəfərə bərabərdir. Bu, 2020-ci ilin nəticəsindən 14,7 faiz çoxdur.
“Sony” nümayəndələri bildirib ki, sonuncu rübdə bazara 1 milyona yaxın əvvəlki nəsil “PS4” qurğusu tədarük edilib. Aktual “PS5” konsolları defisit olaraq qalır. Onları əldə etmək problemdir və oxşar vəziyyət bütün dünyada davam edir.
Nizam Nuriyev