Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2021 20:32
Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Tokio, Osaka, Kioto və Hyoqo prefekturalarında fövqəladə vəziyyət rejiminin müddətinin mayın 31-dək uzadılması barədə qərar qəbul edib. Eyni zamanda, bu vəziyyətin mayın 12-dən 31-dək ölkənin cənub-qərbində yerləşən Aiçi və Fukuoka prefekturalarında tətbiqi qərara alınıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə mayın 7-də yerli vaxtla axşam saatlarında keçirilən mətbuat konfransında Baş nazir Yoşihide Suqa bəyan edib.
"Yoluxmanın yayılmasına qarşı hökumət qərargahının bir qədər bundan əvvəl başa çatan iclasında fövqəladə vəziyyət rejiminin, onun Fukuoka və Aiçi prefekturalarına tətbiqi də daxil olmaqla, mayın 31-dək uzadılması qərara alınıb", - deyə Baş nazir bildirib. Hökumət başçısı qeyd edilən prefekturaların sakinlərindən bu addımlara anlaşıqla yanaşmağı və məhdudiyyətlərə tam şəkildə əməl etməyi xahiş edib.
Qeyd edək ki, fövqəladə vəziyyət rejimi əvvəlcə aprelin 25-dən mayın 11-dək dörd prefekturada elan edilib. Onun tələblərinə əsasən, ictimai iaşə müəssisələrindən spirtli içkilər satmamaq, yerli sakinlərdən ehtiyac olmadan evlərini tərk etməmək, müəssisələrin rəhbərlərindən isə əməkdaşları məsafədən işə cəlb etmək xahiş edilir.
Mayın 5-də ölkədə maksimum miqdarda - 1114 nəfərin COVID -19-a yoluxduğu qeydə alınıb. Ümumilikdə Yaponiyada virusa yoluxanların sayı 622 min nəfəri ötüb, 10600 nəfərin isə həyatını itirdiyi bildirilir.