Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2021 10:28
"COVİD-19 test analizinin cavabı neqativdirsə, bu hələ tam yoluxmamışıq anlamına gəlmir, yoluxmuş şəxslərin təqribən 30%-ində test neqativ cavab ola bilir".
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev deyib.
Mütəxəssis qeyd edib ki, şikayətlər davam edirsə və test analizi mənfidirsə, o zaman koronavirusun olub-olmamasını bilmək üçün qanda Covid-19 İgM və İgG analizlərini vermək olar:
"Bu analizlərin və ya yaxma-test analizinin cavabı poztivdirsə, demək yoluxmuşuq. Amma panik olmayaq, əksər insanlar xəstəliyi yüngül keçirir, panika-stress immun sistemi zəiflədir.
İgM pozitiv, İgG neqativdirsə, onda təqribən 1-14 günə qədərdir koronavirusa yoluxmuşuq və başqalarını yoluxdura bilərik, izolyasiya edilməliyik. Hər ikisi - İgM və İgG pozitivdirsə, onda təqribən 14-30 gündür yoluxmağımız və başqalarını yoluxdurma ehtimalımız demək olar ki, 0-a bərabərdir, istisna hallar ola bilər. Əgər İgM neqativ, İgG pozitivdirsə , onda yoluxmadan təqribən 1 ay və daha çox keçib, ya da peyvənd edilmişik, başqalarını yoluxdurma ehtimalı yoxdur. Hər ikisi - İgM və İgG neqativdirsə, yoluxmamışıq, xəstəliyi keçirməmişik, 2 doza peyvənd etdirməmişik ya da sağalmağımızdan təqribən 1 il və daha çox vaxt keçib".
A.Əliyevin sözlərinə görə, yaxma-test və ya İgM analizi pozitivdirsə, mütləq təcrid edilmək lazımdır:
"Evdən bayıra çıxmayaq, həyət evindəyiksə, heç kim olmayanda öz həyətimizdə çıxıb gəzişə bilərik. Heç kimlə 2 metrdən az məsafədən ünsiyyət etməyək ki, ətrafımızdakıları yoluxdurmayaq. Onların içərisində yanaşı xəstəliyi olan, immuniteti zəif olan yaxınlarımız ola bilər ki, onları yoluxdursaq, zəif olduqlarına görə ağırlaşıb həyatlarını itirə bilərlər.
Artıq aktiv yoluxma halında olduğumuz təsdiq edildisə, o saat KT müayinəsinə və bir sicilləmə qan analizlərini verməyə qaçmayaq. Öncə Pulsoksimetr cihazı əldə edib, barmaq ucundan Oksigen saturasiyasını ölçək. 95%-dən çoxdursa, heç bir müalicəyə ehtiyac yoxdur! 95%-dən azdırsa, güvəndiyiniz müalicə həkiminə və ya təcili yardıma zəng etmək lazımdır. Çünki artıq Oksigen dəstəyinə və müalicəyə ehtiyac var. Necə davam etmək və hansı analiz və müayinələrin lazım olduğunu onlar deyəcək".