Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 21:52
Misir hökumətinin iclasında COVID-19 pandemiyası ilə bağlı bir sıra məhdudiyyətlər ləğv olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, park və çimərliklərin fəaliyyəti bərpa edilib və iaşə obyektlərinin, marketlərin, teatr və əyləncə mərkəzlərinin iş saatları uzadılıb. Lakin hökumət qapalı məkanlarda toy və yas mərasimlərinin keçirilməsinə tətbiq edilən qadağanı qeyr-müəyyən vaxtadək qüvvədə saxlayıb.
Misirin Baş naziri Mustafa Mədbuli bildirib ki, yeni qaydalara əsasən, ticarət obyektləri və mağazalar axşam saat 23:00-dək fəaliyyət göstərəcək. Toy salonları isə açılmayacaq və qaydaları pozanlara qarşı 4 min Misir funtu (təqribən 400 AZN) məbləğində cərimələr tətbiq ediləcək. Hökumət açıq məkanlarda toy şənliklərinin keçirilməsinə icazə verib.
Turizm sektorunun fəaliyyətə başlaması və qadağaların yumşaldılması şəraitində Misir hökuməti vaksinasiya prosesini sürətləndirib. Səhiyyə Nazirliyi daha 40 milyon doza "Sputnik V" və "Jonson&Jonson" vaksinləri sifariş verib. Bundan başqa, Misir "Sputnik V" və "Sinovac" vaksinlərinin istehsalına dair kontraktlar da imzalayıb. Səhiyyə naziri Halə Zayid bildirib ki, ölkədə 403 tibb mərkəzi vaksinasiya prosesini həyata keçirir və indiyədək 110 minə yaxın insana vaksin vurulub.
Son sutkada Misirdə COVID-19-a 1119 yoluxma və 51 ölüm faktı qeydə alınıb.