Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın iqtisadi potensialını gücləndirəcək qərar - ŞƏRH

Azərbaycanın iqtisadi potensialını gücləndirəcək qərar - ŞƏRH

Tarix: 1 Iyun 2021 16:00

"44 günlük haqq savaşından sonra Azərbaycan dövlətinin qarşısında duran ən önəmli vəzifələrdən biri işğaldan azad edilmiş torpaqların bərpası və yenidənqurma işlərinin həyata keçirilməsidir. Həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi məqsədi ilə, quruculuq və abadlıq işlərinin həyata keçirilməsi, yeni iş yerlərinin açılması, dövlət və özəl tərəfdaşlıq layihələrinin həyata keçirilməsi xüsusi  önəm daşıyır".

Bunu Sonxeber.net-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

O bildirib ki, Azərbaycanda sənaye parklarının yaradılması işsizlik dərəcəsinin azaldılmasına səbəb olacaq:

"Bildiyimiz kimi, Prezident İlham Əliyev mayın 28-də işğaldan azad olunmuş Ağdama səfəri zamanı Ağdam Sənaye Parkının yaradılması ilə bağlı müvafiq göstəriş vermiş və təməlqoyma mərasimində iştirak etmişdir. Ağdam rayonun xüsusi əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları və eləcə də, digər işğaldan azad edilmiş rayonlarla logistik əlaqəyə malik olması bu layihənin zərurətini ortaya qoyur. 

Sənaye parkının yaradılması sadəcə Ağdamın deyil, eləcə də, ətraf rayonların uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərini, müxtəlif sahələr üzrə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılmasını, sənaye potensialının inkişaf etdirilməsini ön plana çıxarır. Regionda, eləcə də, Azərbaycanda bu kimi sənaye parklarının yaradılması, sahibkarlığın, özəl sektorun və xüsusi ilə də, qeyri neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları nəticəsində yeni zavod, fabrik və istehsal müəssisələrinin yaradılması ölkənin iqtisadi potensialını gücləndirir, iqtisadi rifahın formalaşmasına təkan verir, işsizlik dərəcəsinin azaldılmasına təsir göstərir. 

İlkin olaraq bu layihə üzrə 4 regional mərkəzin yaradılması nəzərdə tutulur. Ağdamda sənaye mərkəzi, Cəbrayılda ticarət və logistika mərkəzi, Şuşada turizm və mədəniyyət mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaqdır. İlkin müraciətlər əsasında Ağdamda 33 istehsal və xidmət müəssisəsi fəaliyyət göstərəcəkdir ki, bu da 350-ə yaxın yeni iş yerinin açılması deməkdir. Ümumilikdə bu layihə üzrə 110 milyon manat dəyərində investisiya qoyulacağı nəzərdə tutulur.

Düşünürəm ki, bu layihənin gələcək stratejik əhəmiyyəti olduqca böyük olacaqdır. İlkin olaraq Ağdamda sənaye parkının yaradılması regionda digər iqtisadi layihələrin həyata keçirilməsi üçün böyük mötivasiya rolunu oynayacaqdır. Çalışmalıyıq ki, regionu iqtisadi bərpası və eləcə də, müxtəlif sektorlar üzrə yerli və xarici investisiyalar cəlb edərək prosesləri daha sürətli həyata keçirək. Nəzərdə tutduğumuz işlərin həyata keçirilməsi üçün isə növbəti 5 illik planda regionun sosial-iqtisadi maraqların təmin olunması istiqamətində işlər aparılmalıdır:

1) İşğaldan azad olunmuş torpaqlar ən qısa zamanda minalardan təmizlənməli, rayonların fundamental infrastrukturu bərpa olunmalı, insanların regiona köçürülməsi prosesi sürətlənməlidir.

2) Regionların iqtisadi resurslarından istifadə etməklə, bölgələrin iqtisafi fəallığı artırılmalı, o ərazilərdə yaşayan insanların gəlir səviyyəsi və iş imkanları yüksəldilməli, regionlarda məhsul və xidmət istehsalının artırılması üçün bazar şərtləri asanlaşdırılmalı, sağlam rəqabət mühiti formalaşdırılmalı və eyni zamanda, sosial xidmətlərin əlçatanlığı artırılmalıdır.

3) Qarabağda  prioritet fəaliyyət sahələri üzrə qanunvericilik və eyni zamanda hüquqi normativ baza təkmilləşdirilməli və səmərəlilik artırılmalıdır.

4) Xarici investisiyaların cəlb edilməsi istiqamətində təşviq proqramları hazırlanmalı və tətbiq edilməli, dövlət tərəfindən regiona kapital yatıran investorlara xüsusi güzəştlər olunmalıdır.

5) Regionda elm, texnologiya və süni intellekt iqtisadiyyatına keçid sürətlənməli, rəqəmsal transformasiya üzrə layihələr hazırlanmalı və təkmilləşdirilməli, innovativ texnoloji və maddi idarəçilik prinsipləri əsasında dayanıqlı iqtisadi inkişaf formalaşdırılmalı, yaşıl iqtisadiyyat və innovativ metodlar tətbiq edilməlidir". 

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanın iqtisadi potensialını gücləndirəcək qərar ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ